Çempionlar liqasının 1/8 final mərhələsində keçirilən matçlardan sonra növbəti mərhələyə vəsiqə qazanan komandaların adları məlum olub.
ÇıxışYolu.Com xəbər verir ki, Uembli stationunda keçirilən matçda “Yuventus” İngiltərənin “Tottenhem” klubuna 1:2 hesabı ilə qalib gəlib. Birinci hissə ingilislərin xeyrinə başa çatsa da, ikinci hissədə argentinalı strayker Paulo Dibala və Qonsalo İquainin vurduğu qollar “Qoca sinyora”ya zəfər qazandırıb.
Qeyd edək ki, ilk oyunda iki qollu bərabərlik (2:2) qeydə alınmışdı.
Paralel olaraq Mançesterin Ettihad stadionunda keçirilən matçda “Mançester Siti” öz doğma meydanında “Bazel”ə 1:2 hesabı ilə məğlub olub. Jezus hələ səkkizinci dəqiqədə ev sahiblərini önə çıxarıb. Ancaq üstündən 10 dəqiqə keçməmiş hesab yenidən bərabərləşib. Matçın ikinci yarısında qonaqlar qələbə qolunu vurub.
Buna baxmayaraq iki oyunun yekun nəticəsinə görə, növbəti mərhələyə ingilis klubu vəsiqə qazanıb.
Oyunda Qabriyel Jezus (8), Əl-Yunussi (17) və Lanq (71) seçilib.
Bundan əvvəlki oyunda “Siti” rəqibini 4:0 hesabı ilə darmadağın etmişdi.