COP Büro üzvü: “İqlim dəyişikliyi 140 milyondan çox insanın məcburi
miqrasiyasına səbəb ola bilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Avropa Təhlükəsizlik İnstitutunun araşdırmasına görə, 2019-cu ildə təbii
fəlakətlər nəticəsində 24 milyondan çox insan evlərini tərk etmək
məcburiyyətində qalıb”.
Bunu “Report”a açıqlamasında İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
keçmiş vitse-prezidenti, COP Büro üzvü Andrey Bojiç (Andrej Bojic) bildirib.
O qeyd edib ki, ekstremal iqlim hadisələrinin təsirlərini yumşaltmaq üçün
davamlı tədbirlər görülməsə, bu cür hadisələr gələcəkdə tez-tez və daha
dağıdıcı olacaq:
“Dünya Bankının hesablamalarına görə, 2050-ci ilə qədər Saharadan cənub-şərqi
Afrika, Cənubi Asiya və Latın Amerikasında 140 milyondan çox insan iqlim
dəyişikliyi səbəbindən evlərini tərk edə bilər”.
A.Bojiçin sözlərinə görə, bu regionlarda iqlim dəyişikliyi əhali arasında
resurslar uğrunda rəqabət, əkin sahələri ilə bağlı problemlər, hava
fəlakətləri, ərzaq qiymətlərində əhəmiyyətli dəyişikliklər, dəniz səviyyəsinin
qalxması, sahilyanı regionların məhv edilməsi və s. kimi nəticələrə gətirib
çıxara bilər: “İçməli su, sığınacaq problemlərindən yaranan yaşayış mühitinin
itirilməsi problemi əhalinin kütləvi şəkildə köçməsinə səbəb olur”.
COP Büro üzvü bildirib ki, miqrasiya Avropadakı bütün siyasi kampaniyaların
əsas mövzusuna çevrilib və miqrantlar məsələsi əsas təhlükəsizlik
məsələlərindən biridir.
Onun sözlərinə görə, bu insanların əksəriyyəti öz evlərini tərk edə bilərlər:
“Çünki iqlim dəyişikliyinin dağıdıcı təsirləri nəticəsində yoxsullaşan, tez-tez
baş verən müharibələr səbəbindən müflisləşən ölkələr daha da yoxsullaşacaq,
üstəlik həmin ölkələrin bərpası ilə bağlı da ümidlər olmayacaq. Bu səbəbdən də
onların bərpası üçün iqlim baxımından şərait artıq mövcud olmayacaq”.