“Azərbaycanın COP29 Sədrliyində çoxşaxəli əməkdaşlıqlar görəcəyik. COP29
Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfə verməsi üçün
fürsət olacaq və uğurlu nəticələrə gətirib çıxaracaq”.
Bu sözləri “Report”a açıqlamasında COP-un məlumat bazasını formalaşdıran
Karbonun Açıqlanması Layihəsinin (Carbon Disclosure Project-CDP) Baş İcraçı
direktoru Şeri Madera deyib.
Madera bildirib ki, CDP layihəsi hər il minlərlə şirkət, şəhərlər, əyalətlər
və bölgələrə iqlim dəyişikliyi, su təhlükəsizliyi və meşələrin qırılması ilə
bağlı risk və imkanları ölçmək və idarə etmək üçün dəstək verir: “CDP artıq 24
ildir ki, qlobal səviyyədə fəaliyyət göstərən QHT-dir və baş ofisimiz Böyük
Britaniyada yerləşir. Bizə hesabat verən 23 mindən çox şirkət, təşkilat və
ölkələrlə qarşılıqlı əlaqədəyik. Biz bunu investorların, alıcıların, ölkələrin
və maraqlı tərəflərin tələbləri əsasında edirik. Hər il CDP hesabat dövründə
təqdim olunan məlumatları müstəqil qiymətləndirmə metodologiyası vasitəsilə
iqlim dəyişikliyi, meşələr və su təhlükəsizliyi ilə bağlı fəaliyyətləri
stimullaşdırmaq üçün istifadə edirik”.
İcraçı direktorun sözlərinə görə, məlumat bazası sadə səslənə bilər, lakin
əslində iqlimlə bağlı qərar qəbul etmək üçün əsasdır: “COP görüşləri bəzən
sadəcə müzakirələrlə davam edən platforma kimi qiymətləndirilir. Fikrimcə, bu
müzakirələr çox vacibdir. Məlumatlar, ideyalar və qərar qəbul etmə prosesi
müzakirələr yolu ilə həyata keçirilməlidir. COP29, COP30 və sonrakı COP-lardan
əldə olunan uğurlar məhz bu möhkəm məlumat bazasına əsaslanacaq”.
Madera əlavə edib ki, COP29-un əsas gözləntilərindən biri iqlim maliyyəsidir:
“Maliyyənin daha çox ehtiyaclı ölkələrə çatdırılması və kapitala çıxışın təmin
olunması CDP-in məlumat bazasında toplanan göstəricilər əsasında müəyyən
olunacaq”.