COP28-də “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivləri”
mövzusunda tədbir keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
COP28 çərçivəsində “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək
perspektivləri” mövzusunda, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında “Karbon neytrallığı” konsepsiyasına dair tədbirlər keçirilib.
Cixisyolu.com SOCAR-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay
şəhərində təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində 3 dekabr 2023-cü il
tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən
“SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivləri” mövzusunda
tədbir keçirilib.
Tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikasının ekologiya və təbii
sərvətlər naziri Muxtar Babayev çıxış edərək ölkəmizdə ətraf mühitin
mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində görülən işlər,
həyata keçirilən proqramlardan ətraflı bəhs edib.
Tədbir iştirakçılarını salamlayan SOCAR-ın prezidenti Rövşən Nəcəf SOCAR-ın
ekoloji fəaliyyətinə, orta və uzunmüddətli perspektivdə emissiyaların
azaldılması ilə əlaqədar hədəflərinə dair məlumat verib.
SOCAR-ın prezidenti hasilat prosesində məşəldə yandırmaların sıfıra
endirilməsinin, emissiya intensivliklərinin azaldılmasının, “Sıfır metan”,
2050-ci ilə qədər “Xalis sıfır” (Net Zero) hədəflərinə çatmanın şirkətin əsas
məqsədlərindən olduğunu bildirib. Rövşən Nəcəf bu addımların SOCAR-ın
korporativ sosial məsuliyyəti ilə yanaşı, ətraf mühitin mühafizəsi baxımından
nümunəvi enerji şirkətinə çevrilməsi istiqamətində atıldığını vurğulayıb.
Tədbir zamanı SOCAR-da ətraf mühitin mühafizəsi sahəsində görülən işlər,
həyata keçirilən layihələr, qeyd olunan hədəflər və onlara çatmaq üçün gələcək
addımlar, neft-qaz əməliyyatlarında yaşıl enerjinin tətbiqi, dekarbonizasiya və
enerji keçidi sahəsində strateji məqsədlərə dair ətraflı təqdimat keçirilib.
Həmin gün, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında
“Karbon neytrallığı” konsepsiyasının həyata keçirilməsinə dair tədbir keçirilib.