f64df4e3-a5e7-48b9-baf9-821a2b389a6b.jpg

COP29 ərəfəsində bütün dövlətlər “çiynini yükün altına” verməlidir

Baxış sayı: 230 dəfə baxılıb.

Əgər yoxsul ölkələr emissiyaları azaltmaq, iqlim böhranının təsirlərinə
uyğunlaşmaq və aldıqları hər hansı iqlim maliyyəsini hesablamaq üçün cəhdlərini
isbat edə bilsələr, inkişaf etmiş ölkələrin iqlim maliyyəsini onlardan
əsirgəmək üçün daha az bəhanələri olacaq və COP29-a dəvət almış ölkələrin hər
biri “çiynini yükün altına” verəcək.

Bunu “Report”a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

İqtisadçının sözlərinə görə, COP29 yaşıl enerji sahəsində həm potensial alıcı,
həm də maliyyə məsələsində partnyorların cəlb olunması və Azərbaycanın yaşıl
enerji sahəsində investisiya layihələrinin formalaşdırılmasında mühüm rol
oynayacaq:

“Sözügedən partnyorlar olmadan bu layihələrin həyata keçirilməsi mümkünsüzdür.
Partnyorların cəlb olunması təkcə maliyyə mənbəyi demək deyil. Böyük ölkələrlə
münasibətlərin formalaşması layihənin davamlılığına şərait yaradır, onun
beynəlxalq statusunu möhkəmləndirməklə yanaşı, satıcı və alıcı bazarını
formalaşdırır. Yəni kiçik ölkənin özü özünü maliyyələşdirməsi layihənin
təhlükəsizliyinin təmini baxımından da çətinlik yaradır. Çünki bütün pulu bir
ölkə qoyacaqsa, riskləri də o daşıyacaq”.

Ekspert bildirib ki, layihənin qazanclı olması üçün onun davamlı,
uzunmüddətli, etibarlı və təhlükəsiz şəkildə irəliləməsi vacibdir:

“COP29 kimi böyük layihələrə nə qədər çox beynəlxalq oyunçu dəvət olunsa,
onların beynəlxalq dəstəyi də təmin edilmiş olur. Həmin dövlətlərlə əlaqələri
gücləndirdikdə beynəlxalq qurumlarla münasibətlər də yaxşılaşır. Bu zaman həmin
layihə beynəlxalq əhəmiyyətli layihəyə çevrilir. Buna görə mütləq şəkildə
maliyyə dəstəyi olmalıdır. Əgər olmasa, belə böyük tədbirlərin həyata
keçirilməsi həddən artıq risklidir. Hamının bir növ “çiynini yükün altına”
verməsi vacibdir”.

X.Kərimli yaşıl gündəliyin tətbiqi habelə maliyyə dəstəyi və texnoloji
transferlərin reallaşması sayəsində ölkə iqtisadiyyatında yeni iş yerlərinin
yaranmasına səbəb olacaq həcmdə yerli mütəxəssislərin, bu sahə üzrə təhsil
müəssisələrinin, ixtisasların və bölmələrin formalaşmasına zəmin yaradacağını
qeyd edib:

“Azərbaycanın ənənəvi neft-qaz sahəsində yetərincə bilik və təcrübəsi var.
Azərbaycana bu kontekstdə texnoloji transferin reallaşması mümkün görünür.
Texnoloji transfer reallaşdıqdan sonra alternativ enerji sahəsində
yüksəktexnologiyalı avadanlıqların Azərbaycanda təmiri və saxlanılması prosesi
o qədər də asan məsələ deyil. Çünki həmin avadanlığın Azərbaycana
gətirilməsinin mənfi və müsbət tərəfləri haqqında ətraflı düşünmək lazımdır. O
cümlədən, həmin avadanlıqların xarici şirkətlərlə birgə istehsalı üçün
imkanların mümkünlüyünü də müzakirə etmək lazımdır. Azərbaycanın imzaladığı
müqavilələr və memorandumlar bu sahədə yetərincə işlər görüldüyünü göstərir”.

İqtisadçı enerjinin istehsalı ilə yanaşı, satışının da vacib olduğunu deyib:

“Hazırda Azərbaycanda enerji satışı üçün əsas iki kanal var. Birincisi Qara
dənizin dibi ilə kabel vasitəsilə Avropaya çatdırılma, ikincisi isə Zəngəzur
dəhlizi vasitəsilə istehsal edilmiş enerjini Naxçıvandan Türkiyəyə, oradan da
xaricə ixrac etməkdir. Hazırda Qara dənizin dibi ilə enerji ixracını həyata
keçirməyə çalışırıq. Bu məsələyə partnyorlar cəlb edilir. Lakin unutmaq olmaz
ki, satış bazarları olmasa, enerji istehsalının kəskin artırılmasının da mənası
yoxdur”.

X.Kərimli COP29-da yaşıl enerjinin təşviqi prosesində müxtəlif həcmli biznes
subyektləri üçün yeni qazanc sahələrinin yaranmasına, həmçinin xərclərin
optimallaşdırılmasına da müsbət təsirin olacağını vurğulayıb:

“Ümumiyyətlə, dövlət fərdi və biznes təsərrüfatlarında yaşıl enerjini elektrik
şəbəkələrinə satmaq hüququ formalaşdırmaq üçün bu sahədə qanunvericiliyi
təkmilləşdirməlidir. Vətəndaşlar və biznesmenlər bu prosesə təşviq olunmalıdır.
Məsələn, vətəndaş evinin üstünə günəş paneli qoyubsa, özünə lazım olan enerjini
akkumulyasiya etdikdən sonra qalan həcmi şəbəkəyə sata bilməlidir. Düşünürəm
ki, bu cür qanunvericilik təşəbbüsləri yaradılsa, bu sahədə vətəndaşlar və
biznesmenlər iştirak edə bilərlər”.

COP29-un gündəliyində də qeyd olunduğu kimi, iqlim məqsədlərinə çatmaq üçün
ticarətin yaşıllaşdırılması ilə yanaşı, ekoloji malların və aşağı karbonlu
texnologiyaların təşviqi ilə birlikdə iqlim maliyyəsi kollektiv şəkildə
genişləndirilməlidir. Bu, dayanıqlı iş yerləri yarada və Qlobal Cənub
ölkələrinin uzunmüddətli iqlim məqsədlərinin həyata keçirilməsi üçün lazım olan
investisiya və texnologiyalara çıxışını təmin edə bilər.

Source link