COP29-a ev sahibliyi etməyin üstünlükləri: Azərbaycana hansı faydalar
qazandıracaq? – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu
Konfransı (COP29) Bakıda keçiriləcək.
Bu barədə ilk olaraq “Climate Home News” portalı iclasda iştirak edən öz
mənbələrinə istinadla məlumat vermişdi.
Daha sonra isə BMT-nin beş regional qrupundan biri olan Şərqi Avropa regional
qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyən
etdiyini açıqlayıb.
Rəsmi qərar dekabrın 12-də plenar iclas zamanı veriləcək.
İlk öncə COP29-un məqsəd və məramının nədən ibarət olduğuna nəzər salaq:
Məlumat üçün öncə onu bildirək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyanın ali qərar qəbul edən
orqanıdır. Katibliyi isə Bonnda yerləşir.
Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim
dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması
istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.
1995-ci ildə Berlin şəhərində COP-un ilk toplantısı keçirilib, sonuncu COP28
cari il Dubayda baş tutub. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28
BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil
edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb.
Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti cənabİ
lham Əliyev iştirak edib.
COP-a ev sahibliyi müəyyən qayda əsasında həyata keçirilir. Belə ki, ev
sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir.
Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli
sürmək üçün konsensusla qərar qəbul etməlidir.
2024-cü il COP29-a ev sahibliyi etmək növbə Şərqi Avropa regional qrupuna
düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini
təklif edib. Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da öz
namizədliklərini irəli sürüb.
Xatırladaq ki, 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa
danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbycanın
xeyrinə öz namizədliyini geri çəkilib.
Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkib və nəticədə bu gün
dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev
sahibliyi edəcək ölkə kimi müəyyən edib. Rəsmi qərar dekabrın 12-də plenar
iclas zamanı veriləcək.
Bəs COP-a ev sahibliyi etməyin hansı üstünlükləri var və bu, Azərbaycana hansı
faydalar qazandıra bilər?
Bu suala cavab verməzdən qabaq xatırladaq ki, Azərbaycan Respublikası
Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan
yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub.
Vətən müharibəsində qazandığımız şanlı zəfər ölkəmizi dünyada daha güclü dövlət
kimi tanıdıb. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin
beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır.
Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan
Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib və növbəti sədrliklərə uğurlu
miras buraxıb.
Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək
bacarığını dəfələrlə nümayiş etdirib. Bu, beynəlxalq birlik tərəfindən də qəbul
edilib və təqdirlə qarşılanıb.
Belə dünya səviyyəli və böyük tədbirləri təşkil etmək üçün ilk növbədə müasir
infrastruktur və təhlükəsizlik əsas amillər arasında yer alır. Azərbaycan hər
iki amilə malik azsaylı dünya ölkələrindən biridir.
Statistika Azərbaycanın ətraf mühitə verdiyi önəmi təsdiqləyir
Sözügedən tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə vediyi önəmi,
böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biqanə
qalmadığını göstərir.
Statistik göstəricilər də Azərbaycanın niyyətini ortaya qoyur. Ölkəmiz 1990-cı
illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35%
azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən
edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40%
azaldılmasından ibarətdir.
Ermənilərin işğal zamanı viran qoyduqları ərazilərimiz də bu hədəflərdən
kənarda qalmayıb. Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş
torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək
“Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsi
Təbii ki, ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən
biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan
Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına
sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin
ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin
kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu
spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə
sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Prezidenti bu təşəbbüsü ilə
Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük
etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan
iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə
verməklə dünyanın diqqət mərkəzində olacaqdır.
2023-cü il Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə tariximizə qızıl
hərflərlə yazıldı. Bu möhtəşəm ili növbəti qələbə ilə yekunlaşdırırıq.
Aqil Vəlili