COP29 Azərbaycan Əməliyyat Şirkəti müstəqil nəzarət, audit, sertifikatlaşdırma
və risklərin idarə olunması sahəsində ixtisaslaşmış qlobal “Bureau Veritas
Certification Holding SAS” şirkətinin apardığı xarici audit prosesi nəticəsində
beynəlxalq “ISO-45001” idarəetmə sistemi sertifikatını əldə edib.
Cixisyolu.com xəbər verir ki, sertifikat oktyabrın 2-də Azərbaycanda səfərdə olan
“Bureau Veritas” şirkətinin rəsmisi Nahla Abid tərəfindən COP29 Azərbaycan
Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı
Nərmin Carçalova ilə görüş zamanı təqdim olunub.
Görüşdə tərəflər təhlükəsiz iş mühitinin qurulmasının əhəmiyyəti barədə
müzakirələr aparıblar. N.Abid sözügedən beynəlxalq sertifikatın əldə
edilməsinin COP29 Azərbaycan ƏŞ tərəfindən dayanıqlı strateji yanaşma və əməyin
mühafizəsi tədbirlərinin yüksək səviyyədə təmin olunmasının nəticəsi olduğunu
qeyd edib. O, Əməliyyat Şirkətinin bu sahədə beynəlxalq standartlara uyğun
fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu bildirib. N.Carçalova bu
nailiyyətin davamlı olaraq iş şəraitinin təkmilləşdirilməsinə və
təhlükəsizliyin daha da artırılmasına töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, “ISO-45001” standartı müəssisələrdə qəzaların qarşısının
alınması, əməyin mühafizəsi və işçilər üçün təhlükəsizlik şəraitinin təmin
olunması məqsədilə tətbiq edilən qlobal səviyyəli idarəetmə sistemidir. Bu
standartın məqsədi iş mühitinin sağlam və təhlükəsiz olmasını təmin etməklə
yanaşı, əməyin təhlükəsizliyini artırmaq və mümkün riskləri minimuma
endirməkdir. Bu sertifikatla COP29 Azərbaycan Əməliyyat Şirkəti işçilərinin
sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq standartlara uyğun
sistemlər tətbiq etdiyini bir daha təsdiq edir.