COP29 konfransı çərçivəsində təşkil olunacaq Yaşıl Zonadan bəhs olunan video
yayımlanıb.
Tərəfdaşlarla Əlaqələr Sektorunun rəhbəri Leyla Mahmudova bildirib ki, Yaşıl
Zona ev sahibliyi edən ölkənin təşəbbüsü ilə yaradılan bir ərazidir və onun
yaradılmasında əsas məqsəd ictimaiyyətə açıq olan platformanın təşkilidir:
“Mavi Zonanın əsas proqramı dövlətlər arasında aparılan danışıqlardır və özəl
sektora giriş məhduddur. Başa düşürük ki, özəl sektorun da iqlim
dəyişikliklərinə və dayanıqlığa böyük töhfəsi var, onların səsi bizim üçün çox
vacibdir. Bu səsi eşitmək üçün isə biz onlara Yaşıl Zonanı yaratdıq. Yaşıl Zona
ictimaiyyətə açıq olan ərazidir. Buranın əsas sakinləri özəl və dövlət
sektorları, QHT-lər, media nümayəndələri və gənclərdir”.
Əlavə olunub ki, Yaşıl Zonanın ümumi ərazisi 37 500 kvadratmetrdir və böyük
bir hissəsini pavilyonlar, konfrans otaqları, ikitərəfli görüşlər üçün otaqlar,
əsas əməliyyat mərkəzi təşkil edir:
“Burada dörd konfrans otağı olacaq. Onlardan biri 200 nəfərlik, üçü isə 70
nəfərlik otaqlardır. Yaşıl Zonanın növbəti böyük hissəsi yemək zonasıdır və o,
3 000 insan üçün nəzərdə tutulub”.