BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı
(COP) daim qlobal ekoloji problemlərin həllinə yönəlib və iqlim dəyişikliyi
məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayıb. Lakin bu tədbirin
Azərbaycanda keçirilməsi ölkəmizə qarşı siyasi təzyiqlərə səbəb olub. Qərb
dövlətlərinin, xüsusən də ABŞ-nin təsiri ilə beynəlxalq təşkilatlar və KİV-lər
Azərbaycana qarşı dezinformasiya və saxta ittihamlar yaymaqda davam edirlər.
COP29-un siyasiləşdirilməsi diqqəti əsas ekoloji problemlərdən yayındırmaq və
Azərbaycanın dünya miqyasında nüfuzunu sarsıtmaq cəhdidir. Əvvəla, məhz ABŞ
ətraf mühitə ən çox ziyan vuran ölkələrdən biridir. Bu dövlət dünyada ən böyük
neft istehsalçısı və silahlı münaqişələrin əsas iştirakçısı olaraq qalır. Buna
baxmayaraq, Birləşmiş Ştatlar iqlim dəyişikliyi ilə mübarizəyə minimal resurs
sərf edir və ictimaiyyətin diqqətini real ekoloji fəaliyyətə deyil, siyasi
manipulyasiyaya yönəltməyə üstünlük verir. Bütün dünya ABŞ və inkişaf etmiş
ölkələrin iqlim siyasətinə daha çox sərmayə yatırmasını gözlədiyi halda, Qərb,
əksinə, diqqəti ekoloji problemlərin həllindən yayındırmağa və COP29-dan
dövlətlərə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.
COP29-da müzakirə ediləcək əsas məsələlərdən biri hərbi sənayenin iqlimə
təsiri ola bilər. Hesablamalara görə, qlobal tullantıların 6%-i hərbi sənayenin
payına düşür, lakin bu rəqəmin əslində daha yüksək ola biləcəyi ehtimal edilir.
Şəffaflığın olmaması səbəbindən bir çox ölkə, o cümlədən ABŞ, hərbi
əməliyyatlarının ekoloji zərərləri haqqında məlumatı açıqlamaqdan çəkinir. Qərb
ölkələri dünyanın müxtəlif bölgələrində ədalətsiz müharibələr aparmağa davam
edir ki, bu da təbii ehtiyatların və ekosistemlərin məhv olmasına, eləcə də
qlobal istiləşməyə ciddi töhfə verir.
COP29 silah istehsal edən və ixrac edən ölkələrin məsuliyyətini artırmaq üçün
mühüm bir platforma ola bilər. Bu mövzu ciddi müzakirələrə səbəb ola bilər,
çünki müharibələrin iqlimə təsiri beynəlxalq müzakirələrdə çox vaxt diqqətdən
kənarda qalır. Eyni zamanda, COP29-da Qərb ölkələrinin, xüsusən ABŞ və
Fransanın, neokolonializmi nəticəsində təbii sərvətləri ekoloji nəticələr
nəzərə alınmadan istismar edilən ölkələrin taleyi də müzakirə mövzusu ola
bilər. COP29 müstəmləkə siyasətindən əziyyət çəkməyə davam edən xalqlar üçün
platforma yaratmaqla onların qanuni tələblərini irəli sürməsinə imkan verə
bilər. Çünki bir çox keçmiş müstəmləkə dövlətləri hələ də təbii ehtiyatlarına
və iqlimlərinə mənfi təsir göstərən neokolonial siyasətin nəticələrindən
əziyyət çəkirlər.
Beləliklə, COP29-un siyasiləşdirilməsi digər qlobal problemlərin də
müzakirəsinə səbəb ola bilər. Konfrans çərçivəsində dekolonizasiya, müharibə və
silahlanmanın ekologiyaya təsiri kimi məsələlərin qaldırılması mümkündür.
Məsələn, Fransanın dənizaşırı ərazilərində təbii ehtiyatların istismarı və
yerli sakinlərin hüquqlarının pozulması kimi mövzular müzakirə oluna bilər.
Azərbaycan çətin geosiyasi şəraitə və Qərb ölkələrinin daimi təzyiqlərinə
baxmayaraq, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə real töhfə
verməyə çalışır. Ölkə artıq təmiz texnologiyalar tətbiq edir və bərpa olunan
enerji mənbələrini inkişaf etdirir ki, bu da onun beynəlxalq iqlim sazişlərinə
sadiqliyini nümayiş etdirir. Azərbaycan, bu mühüm tədbirin
siyasiləşdirilməsinin qarşısını alaraq qlobal ekoloji problemlərlə daha
səmərəli mübarizəni təmin edəcək konstruktiv həllər təklif etməyə və dialoqu
müdafiə etməyə hazırdır.
“Report” İnformasiya Agentliyi