Oktyabrın 31-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar
Təşkilat Komitəsinin 8-ci iclası baş tutub.
Cixisyolu.com xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri, Təşkilat
Komitəsinin sədri Samir Nuriyev artıq COP29-a sayılı günlərin qaldığını qeyd
edib və Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin tapşırıqlarına
uyğun olaraq sonuncu iclasdan ötən dövr ərzində COP29-a ciddi hazırlıq
prosesinin daha da sürətləndirildiyini və yekunlaşmaqda olduğunu vurğulayıb.
Samir Nuriyev Prezident İlham Əliyevin oktyabrın 17-də Bakı Olimpiya
Stadionunda aparılan genişmiqyaslı hazırlıq işləri ilə növbəti dəfə tanış
olaraq tapşırıq və göstərişlər verdiyini nəzərə çatdırıb.
Təşkilat Komitəsinin sədri Azərbaycana və Prezident İlham Əliyevə hörmətin
bariz nümunəsi olaraq COP29 Liderlər Sammitində 100-dən artıq dövlət və hökumət
başçısının, vitse-prezidentlərin iştirakının gözlənildiyini bildirib.
Samir Nuriyev əlavə edib ki, COP29-da iştirak üçün BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Katibliyi vasitəsilə 50 mindən artıq şəxs
qeydiyyatdan keçib və bu proses davam etdiyi üçün say daha da artacaq.
Təşkilat Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev oktyabrın
10-11-də Bakıda keçirilmiş Pre-COP29 tədbirinə ünvanladığı müraciətində
COP29-da yeni iqlim maliyyəsi hədəfi ilə bağlı razılaşmaya nail olunmasının
vacibliyini vurğulayaraq, “Bakı Sazişi”nin əldə edilməsinin beynəlxalq
ictimaiyyətin ümumi nailiyyəti kimi tarixə düşəcəyinə inamını ifadə edib. Bu
xüsusda, Samir Nuriyev deyib ki, Azərbaycan tərəfinin xarici tərəfdaşlarla
təmasları zamanı COP29-da uğurlu nəticələrin əldə edilməsi imkanlarının daha da
artdığı aydın hiss olunur.