7a91ec6a-8074-4fd9-ba3b-3f497558a896..jpg

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub – FOTO

Baxış sayı: 617 dəfə baxılıb.

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər
müzakirə olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 4-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin üçüncü iclası olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin tapşırıqlarına uyğun
olaraq, sonuncu iclasdan ötən müddət ərzində COP29-a hazırlıq prosesi
çərçivəsində görülmüş işlər və bu xüsusda COP29 üzrə Tədbirlər Planının icrası
barədə məlumat verib.

Samir Nuriyev COP29-un loqosunun və şüarının müəyyən edildiyini diqqətə
çatdırıb. Bildirib ki, COP29-un şüarı “Yaşıl dünya naminə həmrəy olaq!” kimi
seçilib.

COP29-un və Liderlər Sammitinin Bakı Olimpiya Stadionunda keçiriləcəyini
bildirən Təşkilat Komitəsinin sədri hazırda stadionda və ətrafında
layihələndirmə, yerində hazırlıq işlərinin aparıldığını vurğulayıb. Samir
Nuriyev tədbirdə iştirakla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin adından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf
ölkələrin dövlət və hökumət başçılarına dəvət məktublarının göndərildiyini qeyd
edib.

Samir Nuriyev dövlətimizin başçısının “COP29 və Azərbaycan üçün yaşıl baxış”
adlı beynəlxalq forumda, Petersberq İqlim Dialoqunda və VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda COP29 və iqlim dəyişikliyi məsələləri ilə
bağlı ölkəmizin mövqeyini əks etdirən əsas istiqamətlərə dair məlumat verdiyini
bildirib.

Təşkilat Komitəsinin sədri ölkəmizin Dünya Bankının Vaşinqton yaz sessiyası və
Petersberq İqlim Dialoqu da daxil olmaqla iqlim dəyişmələri sahəsində təşkil
edilən mühüm beynəlxalq tədbirlərdə fəal surətdə iştirak etdiyini bildirib və
iyun ayında keçiriləcək Bonn iqlim dəyişikliyi konfransına ciddi hazırlıq
işlərinin aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın COP29 zamanı prioritetləri haqqında danışan Samir Nuriyev COP29
Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanmasının son mərhələdə olduğunu
diqqətə çatdırıb.

Təşkilat Komitəsinin sədri COP29-un rəsmi internet səhifəsinin fəaliyyətə
başladığını, yerli mediada COP29 ilə bağlı prosesin geniş işıqlandırıldığını,
xarici media ilə fəal iş aparıldığını vurğulayaraq, nüfuzlu beynəlxalq
nəşrlərdə COP29 komandasının müsahibələrinin dərc olunduğunu qeyd edib.

Samir Nuriyev, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ölkədə
görülmüş işlər barədə məlumat verib.

Sonra ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti
Muxtar Babayev çıxış edərək, ölkəmizin COP29-a sədrliyi ilə bağlı hazırlıq
prosesi, COP29 komandasının xarici ölkələrə səfərləri və keçirilmiş görüşlər
barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov COP29-a
hazırlıq çərçivəsində təşkilati-logistika sahəsində görülən işlər barədə
məlumat verib.

Səhiyyə naziri Teymur Musayev COP29 zamanı tibbi xidmətin təminatçısı qismində
cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısının müəyyən
edildiyini, tibb müəssisələrinin və təcili tibbi yardım xidmətinin Çağrı
Mərkəzinin fəaliyyətinə səhiyyə könüllülərinin də cəlb olunacağını bildirib.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva COP29-la bağlı parlament
səviyyəsində aparılan işlər, o cümlədən Milli Məclislə Parlamentlərarası
İttifaq arasındakı fəal əməkdaşlıq barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdir müavini, COP29 Təşkilat Komitəsi Katibliyinin
rəhbəri Həbib Mikayıllı Katibliyin fəaliyyəti, dövlət orqanlarının işinin
əlaqələndirilməsi, COP29 prezidentinin komandasına institusional dəstəyin
verilməsi və kommunikasiya məsələləri barədə çıxış edib.

Energetika nazirinin müavini, “COP29 Azərbaycan” üzrə baş icraçı direktor
Elnur Soltanov Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri, eləcə də
özəl sektor və gənclərlə aparılan iş barədə danışıb.

“SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova iqlim dəyişmələrinə
qarşı fəaliyyət zamanı innovasiya və smart texnologiyaların rolu barədə çıxış
edib.

Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29
Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan təşəbbüslər, müxtəlif ölkələr və
danışıqlar qrupları ilə aparılan müzakirələr və danışıqlar prosesinə hazırlıq
barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev COP29-da iştirak
edəcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında çıxış edib.

“EkoSfera” Sosial Ekoloji Mərkəzinin İdarə Heyətinin sədri Firuzə Sultanzadə
COP29-da vətəndaş cəmiyyətinin rolundan və ekologiya ilə bağlı QHT-lərin
tədbirdə iştirakının təmin olunmasından danışıb.

İclasın sonunda COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının
icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.

Source link