453a6318-1560-4fe7-8879-5e9e2a3bd2d9.jpg

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib

Baxış sayı: 302 dəfə baxılıb.

Oktyabrın 1-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci
iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident
İlham Əliyevintapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddət ərzində
COP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işləri qeyd edib.

Prezident İlham Əliyevin COP29-a hazırlıq prosesini daimi olaraq diqqətdə
saxladığını qeyd edən Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının
sentyabrın 10-da Bakı Olimpiya Stadionunda COP29-a hazırlıqla bağlı görülən
işlərlə tanış olaraq müvafiq tapşırıq və göstərişlər verdiyini diqqətə çatdırıb.

Samir Nuriyev sentyabrın 22-23-də Nyu-Yorkda keçirilmiş “Gələcəyin
Sammiti”ndə, daha sonra isə BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi
müzakirələri çərçivəsində bir sıra dövlət və hökumət başçılarının öz
çıxışlarında COP29-a istinad etməsinə toxunaraq, noyabr ayında bütün dünyanın
diqqətinin Azərbaycanda olacağını bildirib.

Prezident Administrasiyasının rəhbəri sentyabr ayında COP29 Sədrliyi
tərəfindən Bakıda müxtəlif vacib tədbirlərin təşkil olunduğunu bildirərək, İtki
və Zərər Fondunun 3-cü iclasını xüsusi qeyd edib. Təşkilat Komitəsinin sədri
hazırda davam edən Bakı İqlim Həftəsinin əldə etdiyi nəticələrin davamlı
olacağına inamını ifadə edib, qarşıdan gələn tədbirlər arasında oktyabrın
10-11-də keçiriləcək Pre-COP tədbirinin vacibliyini vurğulayıb.

Samir Nuriyev Prezident İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada
dövlətlərinin COP29-da iştirakından irəli gələn məsələlərin həlli ilə bağlı
verdiyi tapşırığın həm bu ölkələr, həm də inklüzivliyin təmin olunması
nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını
bildirib.

Təşkilat Komitəsinin sədri dövlət qurumlarının COP29 çərçivəsində beynəlxalq
tərəfdaşlarla birlikdə çoxsaylı tədbirlər keçirəcəklərini qeyd edib.

Samir Nuriyev Azərbaycan QHT-lərinin “Gələcəyin Sammiti”nin işində fəal
iştirak etdiklərini və bunun nəticəsi olaraq 22 ölkədən 44 QHT nümayəndəsinin
Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi inklüzivliklə bağlı
addımlarını dəstəkləyən bəyanat verdiyini bildirib.

Sonra Samir Nuriyev Bakı Olimpiya Stadionunda görülən işlər, nəqliyyatın
təşkili, təhlükəsizlik, COP29 vizasının əldə edilməsi, informasiya
təhlükəsizliyi ilə bağlı məsələlər haqqında danışaraq, onların həlli
istiqamətində müvafiq tapşırıqlar verib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti
Muxtar Babayev Nyu-York İqlim Həftəsi ərzində keçirilmiş görüşlər də daxil
olmaqla, COP29-la bağlı ümumi gedişat barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Bakı Olimpiya
Stadionunda aparılan işlər və digər təşkilati-logistika məsələləri barədə çıxış
edib.

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası
çərçivəsində keçirilmiş görüşlər və digər substantiv məsələlər barədə danışıb.

Maliyyə naziri Samir Şərifov iqlim maliyyəsi, bu kontekstdə Beynəlxalq Valyuta
Fondu və Dünya Bankı ilə həyata keçirilən əməkdaşlıq barədə çıxış edib.

Elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı təhsil müəssisələrinin
fəaliyyətinin təşkili barədə məruzə edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev COP29 zamanı
təhlükəsizliyin təmin edilməsi məsələləri barədə danışıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova COP29 ilə əlaqədar Mədəniyyət
Nazirliyi tərəfindən görülmüş işlər, o cümlədən “İqlim naminə mədəniyyət”
təşəbbüsü barədə məlumat verib.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 ilə əlaqədar Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər və “Harmoniya” təşəbbüsü barədə
danışıb.

İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətində görülən işlərin
davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.

Source link