Bu ilin 11-22 noyabr tarixlərində COP29 iqlim konfransında iştirak üçün
müxtəlif ölkələrdən Bakıya səfər edəcək çoxsaylı qonaqların müsbət ziyarətçi
təcrübəsi, o cümlədən qidalanma, qonaqlama, nəqliyyat və digər xidmətlərdən
səmərəli istifadəsinin təmin edilməsi istiqamətində COP29 Azərbaycan Əməliyyat
Şirkəti tərəfindən müvafiq işlər davam etdirilir. Belə ki, COP29 Azərbaycan ƏŞ
tərəfindən konfrans məkanından iaşə xidmətlərinin təşkili üzrə portal
istifadəyə verilib.
Cixisyolu.com xəbər verir ki, konfrans müddətində tədbir məkanında fəaliyyət
göstərəcək müxtəlif iaşə xidmətləri iştirakçıların rahatlığını təmin etmək
məqsədilə vahid portal üzərində təqdim edilib. Ziyarətçilərin fərqli qidalanma
mədəniyyəti və müxtəlif zövqləri nəzərə alınaraq portalda vegetarian, veqan,
qlütensiz, südsüz və halal yeməklər də daxil olmaqla geniş menyu seçimi
mövcuddur. Portal vasitəsilə Yaşıl və Mavi Zonaların iştirakçıları fərdi
qidalanma sifarişləri ilə yanaşı, öz qonaqları üçün çay və nahar fasilələri,
qəlyanaltı təchizatı kimi xidmətləri sifariş etmək imkanından yararlana
biləcəklər.
Qeyd edək ki, COP29 məkanında fəaliyyət göstərəcək hər növ iaşə xidmətləri
dayanıqlılıq prinsipləri əsasında təşkil ediləcək. Belə ki, yerli və mövsümi
məhsullardan istifadə edilməsinə üstünlüyün verilməsi daşınma məsafəsinin
qısaldılması ilə karbon izinin azaldılmasına nail olmaqla yanaşı, həmçinin
regional fermerlərə dəstək baxımından əhəmiyyətlidir.
Bundan əlavə, tədbir məkanında tullantıların azaldılması məqsədilə məkanda
birdəfəlik plastikdən istifadənin minimuma endirilməsi, qida hazırlanması,
saxlanılması və təqdimatında ekoloji cəhətdən təmiz üsullara üstünlüyün
verilməsi və bu kimi digər amillər konfrans məkanında fəaliyyət göstərəcək iaşə
obyektlərinə qoyulan başlıca tələblərdəndir.
Burada fəaliyyət göstərəcək personalın peşəkar xidmət səviyyəsinin, eləcə də
qida təhlükəsizliyi normalarına uyğunluğunun təmin olunması üçün COP29
Azərbaycan ƏŞ tərəfindən işçi heyətə müvafiq təlimlər keçirilib.
Tədbir məkanında iaşə xidmətlərinin rezervasiyası üçün sözügedən portala
[email protected]
elektron poçt ünvanına müraciət edə bilərsiniz.