9a8be3ce-cea3-410e-9527-8b6213ea3fd2.jpg

COP29 rəsmisi: “İqlim dəyişmələri ilə mübarizədə gənclərin rolu olduqca vacibdir”

Baxış sayı: 187 dəfə baxılıb.

“İqlim dəyişikliyi hazırda dünyanın üzləşdiyi qlobal problemlərdən biridir və
bununla mübarizədə hər bir fərd əlindən gələni etməlidir”.

Bunu “Report”a müsahibəsində COP29 Əməliyyat Şirkətinin İşçi Qüvvəsi
Departamenti üzrə Direktoru Atif Qəmbərov deyib.

Müsahibəni təqdim edirik:

– İlk olaraq bilmək istərdik ki, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin
rolunu nədə görürsünüz?

– İqlim dəyişmələri ilə mübarizədə gənclərin rolu olduqca vacibdir. İqlim
dəyişikliyi hazırda dünyanın üzləşdiyi qlobal problemlərdən biridir və bununla
mübarizədə hər bir fərd əlindən gələni etməlidir. Gənclər ölkəmizin gələcəyidir
və onların düzgün məlumatlandırılması, bu istiqamətdə maarifləndirilməsi
dünyanın gələcək inkişafına mühüm təsir göstərəcəkdir. COP29 Könüllülərinin
böyük əksəriyyəti Azərbaycan gəncləridir və biz də öz növbəmizdə gənclərimizin
sosial məsuliyyətli, ekoloji fəal yetişdirilməsinə xüsusi diqqət yetiririk.

Bununla yanaşı, gənclərin ekoloji məsələlərlə bağlı biliklərini artırmaq və
onların daha peşəkar şəkildə yetişməsinə dəstək vermək üçün COP29 Akademiyasını
yaratdıq. 22 iyul-1 sentyabr tarixləri arasında fəaliyyət göstərən Akademiya
intensiv təlimlər və inkişaf proqramları ilə seçilmiş 29 gəncə geniş biliklər
qazandırdı. İştirakçılar stresin idarə edilməsi, münaqişələrin həlli, liderlik
və komanda işi kimi yumşaq bacarıqlar öyrənməklə yanaşı, müxtəlif
departamentlər – dayanıqlılıq, media əməliyyatları, nəqliyyat və s. üzrə
təqdimat sessiyalarında iştirak edərək, praktiki biliklərini dərinləşdirdilər.

Daha sonra seçildikləri departamentlərdə sınaq müddəti keçən iştirakçılar
nəzəri biliklərini praktikada tətbiq etdilər. Bu təcrübə mərhələsi gənclərə
real iş mühitində bacarıqlarını inkişaf etdirmək və gələcəkdə ekoloji
layihələrdə daha fəal iştirak etmək imkanı yaratdı. Nəticədə, Akademiya
iştirakçıları COP29 Azərbaycan Əməliyyat Şirkətinin müxtəlif departamentlərinin
əməkdaşları kimi işə cəlb olundular.

– COP29-da könüllülərin iştirakının əsas məqsədi nədir? Onların əsas
fəaliyyəti nədən ibarət olacaq?

– İrimiqyaslı beynəlxalq tədbirlərin təşkilini könüllülərin iştirakı olmadan
təsəvvür etmək çətindir. Nəzərə alaq ki, COP29 beynəlxalq miqyasda keçirilən
bir tədbirdir və belə tədbirlərdə gənclərin iştirakı onların gələcək inkişafı
baxımından son dərəcə vacibdir. Belə ki, könüllülərimiz bilavasitə tədbirin
təşkilati işlərinə cəlb olunaraq fərqli sahələrdə öz işinin peşəkarları ilə
eyni komandalarda çalışmaq imkanı əldə edirlər. Sözsüz ki, karyeralarının
başlanğıcında olan gənclər üçün belə bir imkanın yaradılması onların həm fərdi,
həm də peşəkar inkişafı baxımından vacibdir. Təsadüfi deyil ki, bu günə qədər
komandamız tərəfindən tədbirlərə cəlb edilmiş və yetişdirilmiş gənclərin
hazırda fərqli sahələrdə öz sahələrinin peşəkarları kimi fəaliyyət göstərməsi
işimizin səmərəliliyinin real göstəricisidir.

COP29 tədbirində də könüllülərimiz istər qonaqlarla işin qurulması, istərsə də
əməkdaşlar və BMT nümayəndələri ilə aparılacaq işlərin təşkilində bizimlə
çiyin-çiyinə çalışacaqlar. Onu da qeyd etmək istərdim ki, 19 oktyabrdan
etibarən fəaliyyətə başlamış Uniforma Paylanması və Akkreditasiya Mərkəzində
könüllülərimiz artıq işə başlayıb. Onlar COP29 tədbirinə cəlb ediləcək fərqli
komandaların uniforma və akkreditasiyalarının paylanmasında bizə yaxından
dəstək olurlar.

– Hazırda COP29 könüllülər proqramına neçə nəfər cəlb olunub? Seçim prosesində
əsas hansı meyarlara üstünlük verilib?

– Fəxrlə qeyd etmək istərdim ki, komandamızın cəlb edildiyi daha öncəki
tədbirlərdə olduğu kimi COP29 könüllülər proqramında da rekordlara imza ata
bildik. 29 may tarixində qeydiyyatı elan etdikdən 24 saat sonra COP29
Könüllülər Proqramına 9000 nəfərdən çox insan müraciət etmişdi. Ümumi
müraciətçi sayı 16000 nəfərdən çox olsa da, planlama mərhələsinin nəticəsi
olaraq konfrans üçün 3000 nəfər könüllünün cəlb edilməsi qərara alınmışdı.
Sözsüz ki, planlaşdırılan saya çatmaq və könüllülərin hazırlıq prosesini
səmərəli təşkil etmək üçün fərqli seçim mərhələlərini tətbiq etdik. 4
mərhələdən ibarət olan seçim mərhələsinin ilk mərhələsi müraciətçilərin
qeydiyyatlarının yoxlanması idi. Bu mərhələdən uğurla keçən 10000 nəfər növbəti
mərhələyə, yəni müsahibələrə dəvət aldı. Müsahibə mərhələsində biz onların
motivasiyasına, xarici dil bilikləri və komandada iş bacarıqlarına xüsusi
diqqət yetirirdik. Sözsüz ki, bəzi könüllü iş sahələrinin tələblərini nəzərə
alaraq fərqli sahələrdə könüllülərimizin təcrübəsini də qiymətləndirdik.
Müsahibə mərhələsini uğurla keçən könüllü namizədlərimiz sonda Ümumi və Rol
təlimlərinə dəvət olundular. Bu mərhələdə seçimlər ilk olaraq İşçi qüvvəsi
komandası, daha sonra isə könüllülərin işləyəcəyi COP29 ƏŞ-nin fərqli
departamentlərinin komandaları tərəfindən aparıldı.

– COP29-a hazırlıq çərçivəsində könüllülərə hansı təlimlər keçirilir, onları
tədbirə necə hazırlayırsınız?

– Daha əvvəl vurğuladığımız kimi, COP29 beynəlxalq səviyyəli bir tədbirdir və
biz bu tədbirə hazırlıq mərhələsində könüllülərimizin təliminə xüsusi əhəmiyyət
verdik. Könüllülərimiz tərəfimizdən təşkil edilən “Ümumi təlimlər” və “Rol
təlimləri” kimi fundamental təlimlərə cəlb edilməklə yanaşı, dayanıqlılıq və
fərdi inkişaf istiqamətində fərqli təlimlərə cəlb edildilər. Onlar “Liderlik”,
“Kommunikasiya bacarıqları”, “Ekoloji və sosial dayanıqlılıq”, “Müyəssərlik” və
bu kimi fərqli mövzuları əhatə edən təlim və seminarlarda iştirak edərək vacib
biliklər əldə etdilər. Eyni zamanda komandamız tərəfindən həm könüllülərimiz,
həm əməkdaşlarımız, həm də bütün cəmiyyətimizin dayanıqlılıq sahəsində
maarifləndirilməsi üçün “E-learning” onlayn öyrənmə platforması üzərindən
təlimlər təşkil edildi. Düşünürük ki, dayanıqlılıqla bağlı məlumatların
ötürülməsi hər kəs üçün vacib və əhəmiyyətlidir. Könüllülər üçün həyata
keçirdiyimiz təlim prosesi onların seçimi baxımından da bizim üçün
əhəmiyyətlidir. Belə ki, hər təlimdə komandamız tərəfindən iştirakçıların
xüsusi qiymətləndirilməsi aparılırdı ki, bunun da əsas məqsədi sonda ən yaxşı
könüllülərin seçilərək fərqli departamentlərə təhvil verilməsi idi.

– Bundan əvvəlki COP tədbirindəki könüllülük proqramının təcrübəsindən
istifadə edilibmi? Gələcəkdəki COP tədbirlərinə Azərbaycanın bu yöndə hansı
təcrübəsini ötürəcəyini düşünürsünüz?

– Bildiyiniz kimi, COP hər il fərqli ölkələrdə təşkil edilən dünya miqyaslı
tədbirlərdəndir. Planlama mərhələsində biz daha öncə keçirilmiş COP
konfranslarının təcrübəsini araşdırdıq. BMT-dən olan həmkarlarımızla
könüllülərin daha əvvəl keçirilmiş COP tədbirlərində gördükləri işlərlə bağlı
müzakirələr apardıq və onların könüllülərdən olan gözləntilərini öyrəndik.
Azərbaycanda könüllülük fəaliyyəti yüksək səviyyədə inkişaf edib və bizim
könüllülərə olan yanaşmamız və bu sahədə təcrübəmiz xarici həmkarlarımıza çox
maraqlı gəldi. Belə ki, komandamız tərəfindən daha öncə heç bir COP tədbirində
olmayan könüllülər proqramı həyata keçirildi. Könüllülərin fərdi və peşəkar
inkişafına xüsusi diqqət yetirildi və könüllülər bu qlobal konfransa peşəkar
formada hazırlandı. Bununla birgə könüllülərimiz fərqli ekoloji tədbirlərdə və
təlimlərdə iştirak etdilər ki, bu da onların fərdi inkişafı və sosial
məsuliyyəti baxımından vacib addımlardandır. Bizi fərqləndirən digər vacib
məqamlardan biri də COP29 Könüllülər Mərkəzinin olması idi. Könüllülərlə bağlı
bütün əməliyyatlar məhz bu mərkəzdən idarə olunurdu. Əminliklə deyə bilərəm ki,
COP29 Könüllülük Proqramı bu sahədə yeni standartlar formalaşdırdı və bundan
sonra təşkil ediləcək COP tədbirlərində Azərbaycanın könüllülər proqramının
irsindən istifadə ediləcək.

Source link