COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar görüş keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyevin sədrliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-la bağlı bu ilin
dekabrın 15-də keçirilən müşavirədən irəli gələn məsələlərlə bağlı İqtisadiyyat
Nazirliyinin videokonfrans formatında görüşü keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə iqtisadiyyat naziri
Mikayıl Cabbarov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən
Nəcəf və Nazirliyin struktur bölmələrinin rəhbərləri iştirak edib.
Tədbirdə SOCAR tərəfindən COP-la bağlı nümunəvi beynəlxalq təcrübəyə dair
təqdimat nümayiş olunub, COP-un ev sahibi ölkələrə iqlim hədəfləri ilə bağlı
verdiyi üstünlük, COP28-in fokus sahələri, dekarbonizasiya gözləntiləri barədə
məlumat verilib.
Qeyd olunub ki, 2024-cü ildə ölkəmizdə keçiriləcək COP29 dünyanın ən aktual
bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Bu
tədbirin Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisi olmaqla, ölkəmizin
qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini
təsdiqləyir.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla
qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə öz töhfəsini verir. SOCAR-ın
COP28-də metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik
götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür.
Qeyd edək ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına
çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Dövlət
başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə
həmrəylik ili” elan edilməsi bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.