0c23dc8a-65a5-4896-9607-f146234362d3.jpg

COP29 zamanı tibb müəssisələri necə işləyəcəklər? – TƏBİB-dən AÇIQLAMA

Baxış sayı: 143 dəfə baxılıb.

“COP29 Əməliyyat Şirkətinin tibb komandası ilə tədbir üçün ayrılan və TƏBİB-in
tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib
və müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə
gətirilib. Bütün bu aylar ərzində mütəmadi görüşlər keçirilib, tibb və
qeyri-tibb personalı üçün treninqlər təşkil olunub”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri COP29 çərçivəsində tibbi xidmətin
təşkilinə dair keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin
(TƏBİB) icraçı direktoruVüqar Qurbanov deyib.

O, yaradılan şəraiti açıqlayıb:

“Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi xüsusi monitor
və oksigen panelləri ilə təmin olunub, şöbədə 10 çarpayı, Uşaq təcili tibbi
yardım şöbəsində üç, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində dörd, Uşaq
reanimasiya və intensiv terapiya şöbəsində üç çarpayı və bir əməliyyatxana
tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq, tədbir üçün ayrılıb.

COP29 tədbirinin keçirildiyi müddət ərzində fövqəladə hallar baş verərsə,
Sabunçu Tibb Mərkəzinə təhkim edilən Məhəmmədi modul tipli xəstəxanada
reanimasiya və stasionar tipli olmaqla fövqəladə hallar üçün 370 çarpayı təmin
edilib.

COP29 tədbiri dönəmində hava-damcı yolu ilə yayılan infeksion xəstəliklərlə
yoluxanlara keyfiyyətli xidmət üçün Kliniki Tibbi Mərkəzin nəzdində modul tipli
xəstəxanada 10 çarpayı ayrılıb.

Yanıq xəsarətləri üzrə ehtimalları nəzərə alaraq, keyfiyyətli tibbi xidmət
göstərmək məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi
avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb. Zəhərlənmə ehtimalları
üzrə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müvafiq tibbi xidmətin
göstərilməsi üçün çarpayılar ayrılıb”.

Direktor əlavə edib ki, tədbir zamanı təcili tibbi yardım göstərəcək 60
briqada (həkim, orta tibb işçisi, sürücü) üçün nəzərdə tutulan əməkdaşların
siyahısı hazırlanıb, eləcə də nəzərdə tutulan 60 ədəd yeni ambulans (IVECO
markalı) artıq təhkim olunub:

“Onu da qeyd edim ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış hotellərdə, həm də
tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları
xidmət edəcəklər. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə
əvəzedici ehtiyat ambulans və briqadalar da hazır vəziyyətə gətirilib. Təcili
və təxirəsalınmaz tibbi yardım (TTTY) xidməti göstərəcək heyət üçün nəzərdə
tutulan təməl və təkmil həyat dəstəyi üzrə təlimlər keçirilib, 488 nəfər artıq
təlimləri uğurla başa vurub. Buraya həkimlər, orta tibb işçiləri və sürücülər
daxildir. Dil bilgilərini təkmilləşdirmək üçün ingilis dili kurslarında isə 331
nəfər iştirak edib”.

V.Qurbanov vurğulayıb ki, tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionundakı
həkim məntəqələrinə ingilis dili biliyi olan ixtisaslı həkim və orta tibb
işçiləri cəlb ediliblər:

“COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın
idarəedilməsi üzrə keçirilən monitorinqlərdə TƏBİB-in tabeliyindəki Respublika
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım
briqadaları müxtəlif marşrut və ssenarilər üzrə yoxlamaları uğurla yerinə
yetiriblər”.

Daha ççox foto burada: PhottoStock.az

Məhərrəm Əliyev

Source link