Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran Pri başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, beynəlxalq yarışın son günü Azərbaycan millisi üçün uğurlu olub.
Kişilər arasında -100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Zelim Kotsoyev Ukrayna, ABŞ və Belarus cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada rusiyalı Kazbek Zankişiyevə uduzan idmançımız gümüş medala layiq görülüb.
Xatırladaq ki, bu, Azərbaycan millisinin Daşkənd turnirində qazandığı ikinci gümüş medaldır. Mötəbər yarışın ilk günü qadın cüdoçumuz Leyla Əliyeva Qran Pridə II yeri tutub.
Qeyd edək ki, artıq bugündən etibarən Daşkənddə Paralimpiya Oyunlarına lisenziya xalı verən paracüdo üzrə Qran Pri start götürəcək. İki gün davam edəcək bu yarışda 16 (səkkiz kişi və səkkiz qadın) idmançımız mübarizə aparacaq.
Səbuhi Musayev