Cüdoçularımızın indiki durumu: Kim Olimpiadaya gedə bilir, kim yox?

Baxış sayı: 2. 218 dəfə baxılıb.

Cüdoçularımızın indiki durumu: Kim Olimpiadaya gedə bilir, kim yox?

Azərbaycanlı cüdoçuların yeni reytinq cədvəli açıqlanıb.

ÇıxışYolu.Com yeni Olimpiya reytinq cədvəlinə görə, hansı idmançılarımızın indiki durumda Tokio-2020-yə gedəcəyini müəyyənləşdirməyə çalışıb.

Əvvəla, onu bildirək ki, Olimpiadada kişi və qadın cüdoçuların hər biri üzrə yeddi çəki dərəcəsi üzrə mübarizə gerçəkləşəcək. Kişilər 60, 66, 73, 81, 90, 100 kq-dək və 100 kq-dan yuxarı, qadınlar isə 48, 52, 57, 63, 70, 78 kq-dək və 78 kq-dan yuxarı çəkilərdə mübarizə aparacaqlar.

Ev sahibi Yaponiyaya hər çəkidə bir idmançı ilə təmsil olunmaq hüququ verilir. Bundan başqa, Olimpiya reytinqində ilk 18-likdə yer alan idmançılar Olimpiadaya vəsiqə qazanacaq. Həmin reytinqin 2020-ci ilin 30 mayında açıqlanan göstəricisi həlledici olacaq. 

Həmçinin kontinental kvota yerlər də olacaq. Belə ki, Avropada 13 kişi və 12 qadın, Afrikada 12 kişi və 12 qadın, Pan Amerikada 10 kişi və 11 qadın, Asiyada 10 kişi və 10 qadın və Okeaniyada 5 kişi və 5 qadın idmançı reytinqlə vəsiqə qazana bilməyibsə, sıralamada bu qitələrin ən yüksək pillədə olan idmançıları yarışa buraxılacaq. Ən sonda hər çəki üzrə bir Milli Olimpiya Komitəsinin idmançısı dəvətnamə (buna bəzən “wild card” da deyirlər) əsasında yarışa çağırılacaq.

Hazırkı duruma əsasən idmançılarımız üçün vəziyyət belədir:

Kişilər

-60 kq
Kəramət Hüseynov 39-cu, Əhməd Yusifov 50-ci, Davud Məmmədsoy 60-cı, Orxan Səfərov 77-ci və Oruc Vəlizadə 79-cu olduğundan, Olimpiadaya vəsiqə hələ ki qazana bilməyiblər.

-66 kq
Nicat Şıxəlizadə 1100 xalla 32-cidir və kontinental kvota ilə Olimpiadaya gedə bilir. Bununla belə, qeyd etdiyimiz kimi yarışlar mayadək davam edəcək. Bu üzdən 34-cü yerdə olan İbrahim Əliyevin də şansları var. Lakin Azərbaycan Cüdo Federasiyası daha çox bu çəkidə Nicatla Orxan Səfərovdan birinin Olimpiadaya getməsini istəyir. 60 kq-dakı uğursuzluqdan sonra çəkisini qaldıran Orxan artıq ilk Əbu Dabidəki ilk ciddi sınağında (Böyük Dəbilqə) gümüş medal qazanmaqla aktivinə xal yazdırmağı bacardı. Dünya reytinqində 34 pillə irəliləyən Orxan Olimpiya reytinqində 950 xalla 40-cı yerə yüksələ bilib. Bu çəkidə İsmayıl İbrahimov 89-cudur.

-73 kq
Olimpiadada medal qazana biləcəyimiz çəkidir. Bu çəkidə Olimpiadaya vəsiqəni iki idmançımız indiki durumda qazanıb. Rüstəm Orucov yenə bu çəkinin lideridir. Hidayət Heydərov isə 3-cüdür. Lakin qaydalara görə, hər çəkidə bir ölkənin təmsilçisi mübarizə apara bilər deyə, Hidayət kənarda qalacaq. Bu, 53-cü sırada olan Telman Vəliyevə də aiddir.

-81 kq
Bu çəkidə də hələ ki vəziyyət yaxşı deyil. Murad Fətiyev 54-cüdür. Hidayət Heydərov isə Rüstəm Orucova görə 73 kq-da yox, 81 kq-da mübarizə aparmağa başlayıb. Hələ ki 260 xalla 94-cü olan Hidayətin əzmi ilə mövsümün sonunda Olimpiadaya vəsiqə qazanacağına inam böyükdür.

-90 kq
Məmmədəli Mehdiyev 2561 xalla Olimpiadaya vəsiqə verən 7-ci yerdədir. Tural Səfquliyev 65-ci, Əliömər Tumayev 85-cidir.

-100 kq
Osetin legionerimiz Zelim Kotsoyev də 7-ci yerlə vəsiqəni artıq özünə təmin etmiş kimi görünür. Bu üzdən Olimpiya mükafatçımız Elmar Qasımov Olimpiadaya vəsiqə qazansa belə, gedə bilməyəcək. Zelimin xalı 2511-dirsə, Elmarda 2212-dir.

+100 kq
Gürcü legionerimiz Uşanqi Kokauri də indi qərarlaşdığı 12-ci yerlə Olimpiadaya gedə bilir. Şahin Qəhrəmanov (49-cu yer), İmran Yusifov (74) və Rüstəm Kotsoyevin (78) özləri də mübarizədən artıq qopub.

Qeyd edək ki, cüdoda fərdi yarışlar 25 iyul – 31 iyul tarixlərində keçiriləcək. Qarışıq komanda yarışları isə 1 avqustda baş tutacaq.

Səbuhi Musayev