305a3f22-5ea0-4480-9389-f88ab553bee3..jpg

“Cümü”yə 18 il həbs verildi

Baxış sayı: 864 dəfə baxılıb.

“Cümü”yə 18 il həbs verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd
İsmayılovun məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən
prosesdə hökm oxunub.

Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş
məhkumdur və kriminal mövzulara meyilli şəxsdir.

Bir müddət əvvəl onunla iş adamı Müşfiq Məmmədov arasında dostluq münasibəti
yaranıb. Müşfiq Cümşüdə daim maddi kömək edib, həmçinin bıçaqlanarkən onun
xəstəxana xərclərini çəkib. Lakin daha sonra Cümşüdün daim pul tələb etməsi
səbəbindən onların münasibəti korlanıb və telefonla danışarkən mübahisələri
yaranıb.

Həmin vaxt Müşfiq dostuna bir gün sonra oğlunun imtahanı ilə bağlı Bakıdan
Mingəçevirə gedəcəyini və gecəni Kürdəmirdə qalacağını deyib. Onlar
vədələşdikləri kimi Kürdəmirdə 69-cu məhəllə adlanan ərazidə görüşüblər və bu
zaman Müşfiqin avtomobilində oğlu Fərid də olub. M.Məmmədov maşından düşərək
Cümşüdlə söhbət edərkən atəş səsləri eşidilib. Cümşüd üç dəfə atəş açaraq iş
adamını qətlə yetirib. Fərid avtomobildən düşərək mane olmaq istəyərkən daha
iki dəfə atəş açılıb. Lakin Fərid Məmmədova güllə dəyməyib.

Zərərçəkmiş şəxs qismində tanınmış Fərid Məmmədov Cümünün silahı ona
tuşlayaraq tətiyi basdığını, lakin atəş açılmadığını deyib:

“Fikirləşdim ki, burada ata-bala ikimizi də öldürəcək. “Cümü əmi, nə edirsən
sən?!” – deyəndən sonra Cümşüd bir az duruxsundu, silaha əlimlə zərbə endirib
üstünə hücum çəkdim. Silahı Cümşüdün əlindən almaq istədim, badalaq verərək
Cümşüdü yerə yıxdım. Baş verənlərə görə şokda idim. Atam yerə yıxılanda –
“Fərid, eləmə, Fərid, bura gəl, Cümü, eləmə”, – dedi. Cümşüd isə əlimin
altından silahı atama tuşlayıb bir dəfə atəş açdı, güllənin səsini eşitdim,
əl-qolum boşaldı. Cümşüd ayağımın altından çıxdı, mən isə yerdə qaldım. Cümşüd
silahı üzümə tuşlamışdı. Atam da qışqırdı ki, “Fəridə dəymə”. Cümşüd tətiyi
çəkdi, lakin silah açılmadı. Cümşüd üç güllə atama vurub, iki dəfə də mənə atəş
açıb. Lakin mənə tuşlayaraq atanda silah açılmadı, sonra məhəlləyə tərəf qaçdı”.

Cümşüd İsmayılov isə ifadəsində hadisə vaxtı Müşfiqin oğluna atəş açmadığını,
onu öldürmək niyyətinin olmadığını bildirib.

İbtidai istintaq Cümü ləqəbli şəxsin Müşfiqin oğlunu da qətlə yetirmək
istəməsi qənaətinə gəlib və ona qarşı bir neçə maddə ilə ittiham irəli sürülüb.
Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi həmin maddələr üzrə Cümşüdə bəraət
verib. O, Cinayət Məcəlləsinin 120.2.4 və 228-ci (xüsusi amansızlıqla adam
öldürmə və qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə C.İsmayılova 18 il həbs cəzası verilib. Onun cəzasının üç
ilini həbsxanada, 15 ilini isə ciddi rejimli müəssisədə çəkəcəyi bildirilib.

Source link