Fəxri Ağayev yazır…
Öncə şadlıq evləri dalğası gəldi.
Sonra apteklər. Başı çıxan-çıxmayan hər kəs aptek açdı.
Ölkəyə ərəb turistlərin dalğasının gəlməsi yenə “iş adamlarını” şirnikləndirdi. Hotellər açılmağa başladı – sistemsiz, məntiqsiz, memarsız, peşəkarın fikri alınmadan.
Daim ölkənin iş dünyasında aktiv iştirak edən bir insan olaraq diqqətimi çəkən məqam o oldu ki, ölkəmizdə hansısa biznes sahəsinə olan maraq dəb şəklində virus kimi yayılmağa başlayır və “investorlarımız” bilmədikləri sahələrə.
Apteklər, şadlıq evləri və hotellər kimi, digər dəbli sahələrə olan yatırım dalğalarına çox ümumi baxanda hərəkət və davranışlarda müəyyən səhv qanunauyğunluq və alqoritmi görmək mümkündür.
Maraqlı məqam odur ki, investorların bir bazara kor-təbii girməsi maraqlı olan bütün tərəflərə zərərli olur – müştərilərə də, ciddi iş adamlarına da, investoların özlərinə də. Ən vacibi isə odur ki, bazarı dağıdırlar.
Bunları nəzərə alaraq sahibkarlarımızın səhvlərini qarşısını almaq üçün MƏSLƏHƏTLƏRİMİ yazmağa qərar verdim.
Təklif edirəm ki, ilk öncə dəbli bir bazarda baş verən hadisələrin mərhələləri və bu mərhələlərdə baş verənlər və nöqsanlara baxaq.
Mərhələ 1. Ticari tətikləyici.
Fərqli səbəblərə görə hansısa biznes sahəsində aktivliyin artdığına və tələbin təklifdən çox olduğuna görə məhsul və ya xidmət qiymətləri durmadan artır. Bazarın pionerlərinin, yəni ilk bazarda olanların, əldə etdikləri yüksək gəlirlər hər kəsin diqqətini çəkməyə başlayır. Bazarda ilklər böyüyür, rəhbərlər və təcrübəli insanlara verilən maaşlar artırılır və bu da diqqətdən kənarda qalmır.
Ortalıqda əsaslı-əsassız əfsanələr gəzməyə başlayır – “filankəs kredit götürdü və 4 ayda geri qaytardı”, “bir şirkətdə sürücü işdən çıxdı və 3 obyekt götürdü icarəyə – indi artıq milyonçudur”.
Mərhələ 2. Gözləntilər zirvəsi və kütləvi yatırımlar.
Ölkədə bazar araşdırması, bazarın gələcəyi və perspektivlərin müzakirəsi, peşəkarlarla məsləhətləşmələr kimi məsələlərə barmaq arası baxan “investorlar” haya-küyə qapılaraq və əfsanələri dinləyərək dəbdə olan biznesə yatırımlar etməyə başlayırlar.
Bazarda gəzən gəlir hekayələrinə əsaslanaraq yatırım edənlər biznesin işıqlı səhnə hissəsini görüb, səhnə arxasında olan böyük zəhməti, uzun müddətli düşüncə tərzini əsla diqqətə almırlar. İş həyatına çəhrayı gözlüklə baxanlar yatırımlar edirlər və… bütün bazarda işləyən peşəkarlar da artıq ilk zərbəni alırlar : ilk öncə kirayə qiymətləri artır. Yəni biznesə hələ başlamadan biznesin maliyəsi hər kəs üçün artır.
Mərhələ 3. Kütləvi işə başlama.
Bazarda tələbatın zirvədə olduğu nöqtədə müştərilər də çox seçici davranmadıqlarına görə (hələlik təklif çox deyil deyə) yüksək gəlirlər artmağa davam edir.
Biznesdə bu mərhələdə 2 şöbə işləyir: satış və mühasibatlıq – pul gətirən və pul sayan. Müştərilərlə uzun müddətli əlaqələrin qurulması, insan resursları, marketinq, və s. kimi mövzular lazımsız xərc kimi görülür.
Yenilər bazarda aktiv fəaliyyətə başlayır və müştərilərin qarşısında seçim imkanı artır.
Mərhələ 4. İllüziyaların və yuxunun sonu mərhələsi.
Bazarda təklif tələbatı keçir.
Bunun fərqində olan müştəri qiymət müzakirəsinə başlayır.
Bazarda rəqabət artır. Biznes və idarəçilik mövzularında heç bir biliyi olmayan rəhbərlik rəqabəti necə aparmağı bacarır? Bəli – ancaq qiymətlərlə. Və bazarda qiymət müharibəsi başlayır.
Beləliklə, mənfəət baxımından bütün bazar 3 zərbə almış olur:
– kirayə və digər məqamlarda (maaş, materiallar və s.) maliyə artımı olur;
– qiymət müharibəsinə görə gəlirlər azalır;
– müştərini cəlb etmək üçün əlavə xərclər lazım olur. Marketinqi ancaq televiziyada reklam kimi gördüklərinə və ya effektiv fəaliyyətin nə olduğunu bilmədiklərinə görə də xərclər bir az da şişir.
Nəticədə isə mənfəət azalır və biznesə az zəhmət, üstəgəl böyük gəlirlər gözləntiləri ilə girən adamların biznesə marağı ölür. Amma məhsul və ya xidmət bazarını artıq öldürüblər.
Mərhələ 5. Bezginlik və bazarın təmizlənməsi mərhələsi.
Kabab iyinə gələn təsadüfi sahibkarların həvəsi tez ölür. Şirkətdə marketinq, reklam, müştərilərlə uzunmüddətli əlaqələrin qurulması kimi mühüm məqamların olmadığına görə bir neçə il ərzində gəlirlər zəifləməyə başlayır. Bazara ilk girənlərdən də çökənlər olur – rahatlayanlar və özlərini güvəndə hiss edənlər qiymət rəqabətinə dözə bilmirlər. Səbəbi isə çox sadədir – biznes rahatlığı sevmir. Daimi axtarış, inkişaf, aktiv fəaliyyət, yeniliklərə açıqlıq mütləq şərtdir.
Bizneslə məşğul olmaq istəyən investorlara əsas MƏSLƏHƏTİM:
– Biznes, ANCAQ yatırım deyil. Yatırım etmək, işin ilk və başlanğıc mərhələsidir.
Sevdiyim sözlərdən biri : “Əgər hər gün 8 saat effektiv işləsən, səni rəhbər edəcəklər və artıq gündə 12 saat işləyəcəksən”. Davamını isə mən özüm belə əlavə edirəm: “Əgər sahibkar olmaq istəyirsənsə, o zaman həftədə 7 gün, hər gün 12-14 saat işləməyə öyrəşməlisən”. Bu qədər işləmək belə, rahatlığın və stabilliyin qarantiyası deyil, çünki iş həyatı, əsasən də sahibkarlıq fəaliyyəti, qeyri-müəyyənliklərlə dolu böyük səyahətdir. Ayın sonunda dövriyyəsi milyonluq olan şirkətin sahibi hər kəsin maaşını, vergiləri, xərcləri ödədikdən sonra evə…. cibi boş gedir.
– Biznes, uzun müddətli fəaliyyətdir. Qısa müddətli düşüncə tərzi ilə ancaq zərərləriniz olacaq. Müştərilərlə əlaqələrin qurulması, əməkdaşların inkişaf sisteminin yaradılması, şirkətin işə götürən imici kimi məqamlarda uzun müddətli düşüncə tərzi mütləqdir;
– Biznes, ANCAQ binalar, avadanlıq və mebel deyil. Biznes əsasən insanlardır. Necə ki, bir dağın zirvəsinə çıxarkən yanınızdakı insanları diqqətlə seçirsizsə, biznesdəki uzun məsafə üçün də doğru insanlarla yola çıxmalısınız;
– İşə götürdüyünüz insanların şəxsi keyiyyətlərinə və mənəvi dəyərlərinə diqqət edin. Biznesdə hər şey insanla başlayır və insanla bitir. Sizinlə eyni dəyərləri paylaşmayan insanları işə almayın və bu mövzuda çox seçici olun. 100 nəfərdən bir insan seçin, çünki o insanlarla böyük yol gedəcəksiniz;
– Eqonuzu kənara qoyun. Sahibkar və ya üst idarəçi olduğunuz üçün, “mən hər şeyi bilirəm” modundan çıxın. Əgər Bill Geyts davamlı kitab oxuyub öyrənirsə, demək ki, bizim də hər zaman öyrənəcəyimiz nələrsə var.
– Avadanlığa 10 milyon yatırım edən insanın marketinq, reklam, insan resursları, anbar, satış kimi mövzulara peşəkarları cəlb etməməsi, ticari intihar deməkdir. Buna əlavə olaraq, investorun bu mövzuların hamısını bilməsi qeyri-mümkün olmaqla bərabər, bilsə belə, bunların hamısını idarə etməsi mümkün deyil – peşəkarlar işə cəlb edilməli və onları dinləmək lazımdır.
İşə peşəkarları cəlb edin. Necə ki, ürək əməliyyatınızı yaxşı oğlandır deyə bacınızın oğluna həvalə etməzsiniz, biznesdə marketinq və ya satışı da ona etibar etməyin. Peşəkarlara layiq olduqları maaşı verin və onların dinləyin;
Bu gün Azərbaycan iqtisadiyyatı və biznesi çox ciddi dəyişikliklər dövründədir. Bazar və müştəri səhvləri, qeyri-ciddi və səthi yanaşmanı bağışlamır.
İşə peşəkarları cəlb edin, onlara məsuliyyətlə sərbəstlik və səlahiyyət verin və uzun yola hazırlaşın!