bcf7d5cb-fb0b-4ed6-903f-3b08de48a1d3..jpg

Dəhşətli “Huggy Wuggy”, yoxsa mehriban “Xaqi Vaqi”? – Valideynlərin qorxduqları məsələ aydınlaşdı + AÇIQLAMA

Baxış sayı: 3. 196 dəfə baxılıb.

Dəhşətli “Huggy Wuggy”, yoxsa mehriban “Xaqi Vaqi”? – Valideynlərin
qorxduqları məsələ aydınlaşdı + AÇIQLAMA

Uşaqlar arasında məşhur olan “Huggy Wuggy” oyuncaqları və onların uşaqlara
ziyanı barədə məlumatlar bir müddətdir ki, paylaşılır. Psixoloji təsirləri bir
yana, belə oyuncaqlarda zərərli maddə də aşkarlanıb. Məsələn, Rusiyanın
“Roskaçestvo” qurumunun apardığı araşdırma nəticəsində “Huggy Wuggy”
oyuncaqlarının, demək olar ki, 90%-də başağrısı və dermatitə səbəb olan zəhərli
fenol maddəsi tapılıb. Fenol neylon və kapron, müxtəlif qatranların istehsalı
üçün istifadə olunur. Əgər uşaq daim oyuncaqla təmasda olarsa, bu, dərinin
allergik reaksiyasına (dermatit) səbəb ola bilər. Həmçinin fenol buxarından
zəhərlənmə başağrısı yarada bilər.

Bütün bunlar nəzərə alınaraq Rusiyada və bir neçə digər ölkədə bu oyuncaqların
satışı qadağan edilib.

Kompüter oyunu personajı əsasında yaradılmış “Huggy Wuggy” oyuncaqları iti
dişləri və vəhşi təbəssümü olan qorxulu canavarı xatırladır. Bu obrazın
oyundakı rolu isə oyunçunu ölümcül olana qədər qucaqlamaq və ondan bir hissə
dişləyib qoparmaqdır. Bir çox ölkələrdə ekspertlərin, psixoloqların bu oyunun
uşaq psixologiyasına uyğun olmadığı, uşaqlara şiddət aşıladığı qənaətinə
gəlinsə də, bu gün Azərbaycanda “Huggy Wuggy”ni izləmək üçün biletlər satışa
çıxarılıb.

Oxucuların redaksiyamıza göndərdikləri məlumata görə, yanvarın 29-da Bakı
Musiqi Akademiyasının Opera studiyasının konsert salonunda uşaqlar üçün “Xaqi
Vaqi” sehrli dünyada” adlı proqram təşkil ediləcək. Biletlərin qiyməti 9
manatdan 29 manata qədər dəyişir. Bəs görəsən, “Xaqi Vaqi” ilə “Huggy Wuggy”
arasında nə fərq var? Uşaqlar şiddətli animasiya izləyəcəklər, yoxsa bu,
sadəcə, diqqət çəkmək üçün istifadə edilən addır?

“Xaqi Vaqi” sehrli dünyada” adlı teatral sirk şousunun təşkilatçıları Anar
Əliyev və Zaur Əliyevdir.

Cixisyolu.com-ın əməkdaşı təşkilatçılardan biri olan Zaur Əliyevlə əlaqə saxlayıb. O
bildirib ki, şouda “Xaqi Vaqi” sadəcə aparıcı olacaq:

“Biz yerli sehrbaz, illüziya ustasının iştirakı ilə uşaqlara maraqlı,
əyləncəli şou-proqram hazırlamışıq. Bu proqramda heç bir şiddət, aqressiya və
neqativ halları özündə əks etdirən səhnələr ola bilməz. Tamaşanın adı və
obrazlarının məşhur “Huggy Wuggy” ilə oxşarlığı olsa da, o personajın orijinal
variantının tam tərsi olan mehriban, gülərüz, səmimi bir obrazı uşaqlara təqdim
edəcəyik. Afişadan da göründüyü kimi, heç bir sərt görünüş, qorxulu simadan
söhbət belə gedə bilməz. Bu proqramda uşaqlar sirkdə gördükləri sehrli, maraqlı
səhnələrin teatral üsluba uyğunlaşdırılmış variantlarını izləyəcəklər.
Proqramın “Huggy Wuggy” obrazının orijinal xoşagəlməz məzmunu ilə heç bir
əlaqəsi yoxdur”.

Psixoloq Təranə Kazımova Cixisyolu.com-a açıqlamasında qeyd edir ki, “Huggy Wuggy”
“Mavi balina”, “Momo” kimi dəhşət təlqin edən oyunlardan sonra yaranan “Poppy
Playtime”ın personajıdır və yenidən uşaqların psixologiyasına təsir edir:

“Bu oyuncaqlar azyaşlı uşaqlara qəribə bir formada sevdirilib. Oyun internet
platformasında 12 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, onun
personajını əks etdirən oyuncaqları bağça, məktəbəqədər yaşlı uşaqların
əllərində görürük. Türkiyədə aparılan araşdırmalar göstərib ki, bu oyunun
neqativ təsiri uşaqlar arasında bir-birinə qarşı şiddətlə – vurmaq, boğmaq,
itələmək kimi davranışlarla özünü göstərir. Məktəblərdə şagirdlər arasında
neqativ halların artması səbəbindən Türkiyədə aidiyyəti qurumlar bütün satış
mərkəzlərindən bu oyuncaqların yığışdırılması üçün tədbirlər gördü.

Birmənalı olaraq bu oyuncağı satanlar səhv edirlər, amma onu alan valideyn də
öz uşağına ziyan vurur. Uşağın hər sevdiyini, istədiyini almaq olmaz. Yəni hər
istəyi yerinə yetirmək yaxşı valideyn olmaq demək deyil. Araşdırmaq lazımdır
ki, bu oyuncaq nədir, hansı personajdır. “Huggy Wuggy”nin rəngləri ilə belə,
ayrı-seçkilik edilir – mavi rəng oğlanlar, çəhrayı isə qızlar üçün nəzərdə
tutulub. Bu gün bu xırda nüanslara diqqət etmədikdə uşaqlar müəyyən yaşdan
sonra cinayətəmeyilli, problemli psixologiya sahibi fərd kimi cəmiyyətə
atılacaqlar”.

Psixoloq deyir ki, bu cür oyuncaqları 12 yaşdan aşağı uşaqlara qətiyyən vermək
olmaz:

“Hətta uşaq arabasında olan körpələrin yanında biz “Huggy Wuggy” oyuncaqlarını
görürük. Ünsiyyət çətinliyi, davranış pozğunluğu yarana bilər, əgər uşaqlarda
bu cür hallar müşahidə edilirsə, mütləq mütəxəssislərə müraciət etsinlər.
Valideynlər bəzən ətrafda, təhsil müəssisələrində günahkar axtarırlar, amma
məncə, uşaqların gündəlik həyatda, internet üzərindən nə izlədiklərinə, hansı
oyun və oyuncaqlara meyil etdiklərinə nəzarət etməlidirlər”.

Könül Cəfərli

Source link