“Dəmirbank”ın Kreditorlar Komitəsi yaradılır

“Dəmirbank”ın Kreditorlar Komitəsi yaradılır

Baxış sayı: 2. 382 dəfə baxılıb.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ötən il dekabrın 27-də qəbul etdiyi qərarla “Dəmirbank” ASC müflis elan olunub, onun barəsində iflas proseduruna başlanılıb və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Bankın ləğvedicisi təyin edilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, ləğv prosesində olan “Dəmirbank”ın kreditorlarının sayının və tələblərinin məbləğinin çox olduğunu nəzərə alaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə Kreditorlar Komitəsinin təsis edilməsinə zərurət yaranıb. Eyni zamanda Komitənin yaradılmasının məqsədi ləğvetmə prosesinin şəffaf və qanunvericiliyin tələblərinə uyğun olaraq, həyata keçirildiyini bir daha nümayiş etdirməkdir.

“Banklar haqqında” Qanunun tələblərinə uyğun olaraq, ADIF Kreditorlar Komitəsinin yaradılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının müsbət rəyini alıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bu il martın 2-də məhkəmə Komitəsinin yaradılması, onun tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi ADİF-ə həvalə olunması və Komitənin Əsasnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib.

Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən kreditorlar komitəsinin tərkibinin formalaşdırılması üçün məbləğ baxımından ən iri kreditor hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına, o cümlədən az məbləğdə tələbi olan kreditorları təmsil edən şəxslərə dəvət məktubları və bildirişlər göndərilib.

Kreditorlar Komitəsinin ilk iclası iyunun 1-də, saat 15:30-da ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcək. Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən iclasda səxsən və yaxud səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak etməsi xahiş olunur. 

www.ÇıxışYolu.Com