e2646aea-5c2d-4114-99f1-ad28006b7f26..jpg

“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib – FOTO/VİDEO

Baxış sayı: 603 dəfə baxılıb.

“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 27-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissəsində Qazaxıstan
Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının da iştirak etdiyi
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təntənəli mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin birinci
müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim
Vəliyev, Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini –
Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
general-leytenant Sultan Kamaletdinov, eləcə də türkiyəli və qazaxıstanlı hərbi
qulluqçular iştirak ediblər.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə
gül dəstələri düzülüb, dərin hörmət və ehtiram nümayiş etdirilib.

Buraxılış mərasimində ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü
uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri
səsləndirilib.

Azərbaycan Ordusunun və Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş
Qərargah rəisləri tədbirdə çıxış edərək bacarıqlı və peşəkar hərbi kadrların
yetişdirilməsində bu cür kursların və təlimlərin əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda Azərbaycan və Qazaxıstan dəniz piyadalarının birgə təlimlərdə
iştirakı və yüksək peşəkarlıq nümayiş etdirməsi müsbət qiymətləndirilib.
Bildirilib ki, cari ildə Qazaxıstanın Aktau şəhərində keçiriləcək
“Birləşdik-2024” əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan
Ordusunun bütün qoşun növlərindən bir qrup hərbi qulluqçu, həmçinin aviasiya
vasitələri və hərbi gəmiləri iştirak edəcək.

HDQ-nin dəniz poliqonu və treninq mərkəzində azərbaycanlı və türkiyəli
təlimatçılar tərəfindən keçirilən hərbi qulluqçuların xüsusi hazırlıq dərsləri
təqdirəlayiq hesab edilib.

General-polkovnik K.Vəliyev kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə
görə peşəkar təlimatçılara təşəkkürünü bildirib, kursu müvəffəqiyyətlə bitirmiş
məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub, məzunlara
sertifikatlar təqdim edilib, habelə fərqlənən bir qrup hərbi qulluqçu və
təlimatçı mükafatlandırılıb.

Rəsmi hissə başa çatdıqdan sonra dəniz piyadaları və xüsusi təyinatlılarının
istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri nümayiş
etdirilib.

Sonda dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələləri, həmçinin
sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları
izlənilib.


Source link