Dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı pilot layihə həyata keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu
ilə içməli su istehsalı pilot layihəsi həyata keçiriləcək.
Cixisyolu.com xəbər verir ki, Azərbaycanda su ehtiyatlarından istifadənin
yaxşılaşdırılması, su təhlükəsizliyinin təmini, əhalinin içməli su təchizatının
artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi sosial-iqtisadi inkişafda
önəm kəsb edir. Dövlət başçısının dəniz suyunun duzsuzlaşdırılması yolu ilə
içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsinə dair
Sərəncamının icrası məqsədi ilə İqtisadiyyat Nazirliyində aidiyyəti qurumların
nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb, layihənin icrasına texniki,
maliyyə və hüquq sahələrində beynəlxalq təcrübəyə sahib məsləhətçilər cəlb
olunublar.
İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz
suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun
layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və idarə edilməsi layihəsi
üçün potensial investorların cəlb olunması məqsədi ilə cari ilin 8 fevral
tarixində elan olunmuş müsabiqənin ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə
bağlı birinci mərhələsi başa çatıb.
Müsabiqədə iştirak etmək üçün səkkiz şirkət tərəfindən müvafiq sənədlər
İqtisadiyyat Nazirliyinə təqdim edilib. İxtisas qiymətləndirməsinin
nəticələrinə uyğun olaraq tələblərə cavab verən beş şirkətə müsabiqənin şərtlər
toplusu göndərilib. Növbəti mərhələdə müsabiqənin keçirilməsi ilə bağlı digər
zəruri tədbirlər görüləcək. Cari ilin iyul ayının 1-dək şirkətlər tərəfindən
təkliflər təqdim olunacaq, sonra təkliflər qiymətləndiriləcək. Layihə
təkliflərinin qiymətləndirilməsi nəticəsində müsabiqə qalibi elan ediləcək və
dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanacaq.
Suyun keyfiyyəti, infrastrukturun vəziyyəti, ətraf mühit kimi məsələlər nəzərə
alınmaqla layihənin Sumqayıt şəhərində icra edilməsi nəzərdə tutulur. Əhalinin
və iqtisadiyyatın ehtiyacları, ölkənin su proqnozlarının nəticələrinə əsasən
növbəti illərdə içməli suya olan tələbatın artacağı nəzərə alınaraq layihənin
istehsal gücü illik 100 milyon kubmetr olacaq.
Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihələri
dünyanın bir sıra ölkələrində icra edilir. Qlobal istiləşmə, su ehtiyatlarının
səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün
duzsuzlaşdırma zavodlarının fəal istifadəsinə təkan verib.
Son illərdə dünyada dəniz suyunun duzsuzlaşdırılması layihələrində “Əks Osmos”
(Reverse Osmosis) texnologiyası tətbiq edilir. Bir sıra ölkələrdə bu layihələr
dövlət-özəl tərəfdaşlığı modeli ilə həyata keçirilir. Səudiyyə Ərəbistanı,
Birləşmiş Ərəb Əmirlikləri, İsrail kimi Yaxın Şərq ölkələrində bu layihələr
geniş yayılıb. Həmçinin, ABŞ, Avstraliya və bir sıra başqa ölkələrdə də
duzsuzlaşdırma zavodları fəaliyyət göstərir.