Dərman bazarı ilə bağlı yeni qərar işləmir – “Kaspi”nin TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tarif Şurasının son qərarına əsasən yuxarı hədd keçilməmək şərtilə dərmanları
daha ucuz satmaq mümkündür. Lakin mövcud qərardan iki aya yaxın vaxt keçsə də,
dərman bazarında hansısa ciddi dəyişiklik yoxdur.
Tarif Şurası tərəfindən dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı 15
sentyabr 2023-cü il tarixində yeni qərar qəbul edilib. Dəyişikliyə görə, artıq
dərmanlarla bağlı vahid qiymət siyasəti yoxdur. Yəni dərmanların yuxarı həddi
müəyyən edilir və apteklər dərman vasitələrini bundan daha aşağı qiymətə sata
bilərlər. Bəs tətbiq edildiyi zaman ərzində bu qərar özünü doğrulda bilirmi?
Mövzuyla bağlı “Kaspi”
qəzetinin məqaləsini təqdim edirik.
Bəzi dərmanlar ucuzlaşıb
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli dedi ki, bu qərardan
sonra daha ucuz dərmanlar ölkəyə gətirilə biləcək: “Dərman vasitələri haqqında”
qanunvericilikdə olan dəyişikliklər və Nazirlər Kabinetinin müvafiq qərarından
sonra dərman qiymətlərinin üst həddi Tarif Şurası tərəfindən müəyyənləşdirildi.
Aşağı hədlər isə rəqabət prinsiplərinə uyğun şəkildə tənzimlənəcək. Dərman
idxalını həyata keçirən böyük şirkətlər keyfiyyətinə təminat verilən və daha
ucuz qiymətə olan preparatları ölkəyə gətirəcəklər. Dərman preparatlarının
ölkəyə idxalı nisbətən asanlaşacaq. Beləliklə, rəqabət nəticəsində qiymətlərin
aşağı düşməsi mümkün olacaq. Hazırda apteklərdə müəyyən preparatlarda
qiymətlərdə ucuzlaşmanı müşahidə edirik”.
Tapılmayan dərman problemimiz aradan qalxıb
Deputatın sözlərinə görə, bu qərardan sonra tapılmayan dərman problemimiz
aradan qalxıb: “8-9 ay bundan öncə bəzi dərman preparatlarının apteklərdə
tapılmadığının şahidi olurduq. Çünki bir çox dərmanların qiyməti cəlbedici
olmadığına görə, idxal edən şirkətlər tərəfindən onların gətirilməsi maraqlı
deyildi. Amma dəyişikliklərdən sonra müşahidə edirik ki, hansısa preparatın
olmaması məsələsi daha gündəmdə deyil. Artıq lazım olan preparatları dərman
bazarında tapa bilirik. Amma qiymətlərdəki enmələri hələ düşündüyümüz səviyyədə
görə bilmirik, gözlənilən effekt alınmır. Yəqin ki, bir neçə aydan sonra bunu
da müşahidə edə biləcəyik. Qiymətlərin enməsi insanların əlavə xərclərinin daha
da azalmasına gətirib çıxaracaq”.
Topdansatış şirkətlərinə qadağa tətbiq edilsin
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bu yenilik, əksinə,
apteklərə ziyan verəcək: “Aptek sahəsində hər hansı ciddi dəyişiklik müşahidə
olunmur. Bu qərarın dərmanların çeşidinə, yaxud dərman bazarında gətirilməyən
preparatların yenidən bazara qayıtmasına elə də ciddi təsiri olmayacaq. Bundan
əvvəlki qərarlarda dərmanın üzərinə konkret rəqəm vurulurdu və həmin qiymətdən
aşağı və yuxarı satmaq qadağan idi. İndi isə topdansatışla məşğul olan bir neçə
iri şirkətlər öz aptek şəbəkələrində istədikləri qiyməti qoymaqla digər
pərakəndə satışla məşğul olan apteklərin sıradan çıxmasına nail olacaqlar.
Topdansatış ilə məşğul olan şirkətlərə aptek şəbəkələri yaratmaları ilə bağlı
qadağalar tətbiq olunsa, o zaman bazarda pərakəndə satışla fəaliyyət göstərən
apteklərin sıradan çıxmasının qarşısı alına bilər. Əks halda, bu qərar tədricən
kiçik sahibkarların fəaliyyətlərini dayandırmalarına gətirib çıxaracaq. Çünki
apteklərin maliyyə imkanları eyni deyil”.
Qiymətlərin liberallaşması vacibdir
Ekspertin fikrincə, dərman qiymətlərində böyük fərq olmayacaq: “Qiymətlər
arasında elə böyük faiz fərqi yox idi. Ona görə deyə bilmərik ki, insanları
dərmanların ucuzlaşması ilə bağlı ciddi sürprizlər gözləyir. Çünki əslində
qiymət ucuzlaşması baş vermir. Amma dərman bazarında qiymətlərin liberallaşması
vacibdir”.
“İnsanların qiyməti bilməyə ixtiyarı var”
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, farmakoloq
Aydın Əliyev qeyd etdi ki, insanlar bu qərardan məlumatlı olmalı və apteklərdən
haqqını tələb etməlidir: “Müəyyənləşdirilmiş qiymətdən daha aşağı satan
apteklər mövcuddur. Bu qərar apteklərə sahibkarlıq nöqteyi-nəzərdən xeyirdir
ki, insanlar onlara daha çox müraciət edir. Vətəndaşlar aptekdə soruşmalıdır
ki, aldığı dərmana Tarif Şurası hansı qiyməti qoyub. İnsanlar dərmanların
qiymətinin aşağı və yuxarı həddini bilməlidir. Amma vətəndaşlar qərardan
məlumatsızdırlar və heç nə soruşmurlar. Vətəndaşlar Tarif Şurasının qərarından
istifadə etməlidir”.
Qərar var, amma tətbiq edilə bilmir
Yeni qanunun nə qədər işlək olduğunu müəyyən etmək üçün şəhərin müxtəlif
istiqamətlərindəki apteklər arasında da sorğu keçirdik. Sorğu zamanı ortaya
çıxdı ki, həm paytaxtın mərkəzində, həm də kənarda yerləşən apteklərin heç
birinin yenilikdən xəbər yoxdur. Özəl şirkətlərə məxsus apteklərdən bildirildi
ki, onlara qiymət tabe olduqları müəssisə tərəfindən göndərilir. Şəxsi
apteklərdə isə qiymətlər depolar tərəfindən müəyyən edilir. Depo apteklərdən
verilən məlumata görə, onlarda Tarif Şurası tərəfindən qəbul edilən qiymətlər
əsasında satış edilir.