cab430a1-e291-4fbb-b5e2-ccecd9f3f755..jpg

“Dərman idxalçıları maksimum qiymətin altında rəqabət aparacaqlar və dərmanlar ucuzlaşacaq”- ŞƏRH + FOTO

Baxış sayı: 600 dəfə baxılıb.

“Dərman idxalçıları maksimum qiymətin altında rəqabət aparacaqlar və dərmanlar
ucuzlaşacaq”- ŞƏRH + FOTO

“Dərman vasitələrinin qiymətlərinin aşağı salınması çox mühüm addımdır. Bu
addım əczaçılıq sahəsində yeni bir inqilabi dəyişikliyin əsasını qoydu”.

Bu fikirləri Cixisyolu.com-a Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O qeyd
edib ki, Tarif Şurası verdiyi qərarla hazırda ölkə ərazisində qeydiyyatdan
keçmiş, satılan dərman preparatlarının qiymətlərini üst səviyyəyə qədər tanıyıb:

“Bu, o deməkdir ki, hazırkı qiymətlər maksimal qiymətdir. Bundan sonrakı
dövrdə ölkədə istehsal olunan və idxal edilən dərman preparatları daha aşağı
qiymətə satıla biləcək.

İki məqamı qeyd etmək xüsusilə vacibdir. Birincisi, pərakəndə və topdansatışla
məşğul olan əczaçılıq şirkətləri, dərman preparatının ölkəyə idxalını həyata
keçirən qurumlar ölkə ərazisində qeydiyyata alınmış dərmanları rahatlıqla sata
biləcəklər. Bu işlə məşğul olan şirkətlər tavan qiymətinin altında rəqabət
aparacaqlar. Nəticədə, daha ucuz və qeydiyyatdan keçmiş, dövlətin keyfiyyətinə
nəzarət etdiyi dərmanların idxalı stimullaşacaq. Yeni idxal yolları, yeni
müqavilələr əsasında daha çox dərman çeşidlərinin ölkəmizə gətirilməsi mümkün
olacaq.

Əgər bu dəyişiklikdən öncəki vəziyyətə nəzər yetirsək, konkret olaraq
müəyyənləşmiş qiymət var idi və bu, əhali üçün əlverişli deyildi. Çünki bəzən
qiymətlər müxtəlif üsullarla süni şəkildə bahalaşdırılırdı. Milli Məclisdə də
dərman preparatlarının qiymətlərinin istehsalçı ölkələrdəkindən 3-4 dəfə baha
olduğu bildirilirdi. Bu isə rəqabət mühitinin aşağı olması ilə əlaqədar idi.
Hazırkı dəyişikliklər fərqli rəqabət mühitinin yaranmasına gətirib çıxaracaq”.

Həkim-deputat düşünür ki, yeni dəyişikliklər dərman preparatlarının qeydiyyata
alınması, gömrükdə yoxlanılması proseslərini də daha çevik hala gətirəcək:

“İdxalın aktivləşməsi, çeşidin çoxalması bazarda hansısa dərmanın tapılmaması
kimi neqativ halları aradan qaldıracaq.

Dərmanların ucuzlaşması cəmiyyət tərəfindən çox müsbət qarşılanacaq. Çünki
indiyə qədər bu, əsas müzakirə olunan məsələlərdən biri idi”.

Qeyd edək ki, 15 sentyabr 2023-cü il tarixində Tarif (qiymət) Şurasının
keçirilən növbəti iclasında dərman vasitələrinin ucuzlaşmasına səbəb olacaq
qərar qəbul edilib. Belə ki, iclasda Tarif Şurası hazırkı vaxtadək təsdiq
edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin
yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib.

Aysel Aslan

Source link