3f6076be-1731-427c-a981-92945b8d9e55.webp

Dərmanların qiymətləri ucuzlaşacaq?

Baxış sayı: 145 dəfə baxılıb.

Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan
dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə
edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mətbuata
verilən məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində
fəaliyyət göstərən şirkətlərin, bu sektoru təmsil edən “Azərbaycan Əczaçı
Sahibkarlar Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib.
Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı
görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq
sahəsində, xüsusilə xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə
olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial
ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər,
sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud
mexanizmlərin tətbiqi və digər məsələlər müzakirə edilib.

Maraqlıdır, qərar qəbul edilərsə, bu dərmanların qiymətlərində azalma müşahidə
oluna bilərmi?

“Kaspi” qəzetinin növbəti məqaləsində bu və digər məsələlərə aydınlıq
gətirilib.

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev “Kaspi”
qəzetinə açıqlamasında bildirdi ki, qonşu ölkələrdə dərman preparatları üzrə
vergi və gömrük rüsumlarının tənzimlənməsi ilə bağlı araşdırma apardıqdan sonra
bu layihəni təklif ediblər: “Məsələn, qonşu Gürcüstanda dərman vasitələri üçün
heç bir rüsum tələb olunmur. Bəzi ölkələrdə vergilər diferensial olaraq
tənzimlənir. Biz dövlət büdcəsinə böyük miqdarda zərər vermədən, Azərbaycan
vətəndaşlarının dərman ehtiyaclarını qarşılamaq üçün təkliflər verdik,
vətəndaşların xüsusi qruplarının tələbatlarına uyğun olaraq bəzi dərman
preparatlarının ƏDV-dən azad olunmasının gələcək layihələrdə nəzərə alınmasını
xahiş etdik”.

A. Xudiyev bildirir ki, nadir xəstəliklərlə mübarizə aparan vətəndaşlar dərman
təminatında çətinlik çəkirlər: “Bəzi nadir xəstəliklər var ki, onların
qeydiyyatı yoxdur. Çünki adından da göründüyü kimi, nadir hallarda rast
gəlinir. Bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanların ölkəyə
idxalı yalnız müəyyən icazələrlə mümkündür. Bununla yanaşı, onkoloji
xəstəliklər, astma, şəkərli diabet və digər xroniki xəstəliklərin müalicəsində
istifadə olunan dərmanların da ƏDV-dən azad olunması vətəndaşlar üçün əlverişli
olar. Doğrudur, vətəndaşlar dövlət tərəfindən bəzi dərmanlarla pulsuz təmin
olunurlar. Lakin yeni məhsullar meydana çıxır və vətəndaşlar onları satın
aldıqda ƏDV-dən azad olunmaları təmin edilə bilər”.

Mütəxəssis vurğulayır ki, bu qərar qüvvəyə mindikdə, digər dərmanlarla bağlı
da əlavə addımların atılması mümkündür: “Bu gün Azərbaycan vətəndaşları icbari
tibbi sığorta ilə ödənişsiz tibbi xidmət almaq imkanına malikdir. Ambulator
xidmətin də gələcəkdə ödənişsiz olması gözlənilir. Bunun tətbiqi sosial
siyasətimizdə böyük dönüş yaradacaq. Biz də assosiasiya olaraq, proseslərin
uğurla həyata keçməsinə dəstək olmağa çalışacağıq”.

Millət vəkili Müşfiq Məmmədli bildirir ki, həm ölkənin iqtisadi vəziyyətini,
həm də əhalinin sağlamlığını nəzərə alaraq bu addımların atılması vacibdir:
“Xüsusilə nadir xəstəliklərin müalicəsində və bəzi xroniki xəstəliklərdə
istifadə olunan dərman preparatlarının qiyməti kifayət qədər yüksəkdir. Bu
xəstəliklərin rastlaşma intensivliyi çox aşağı olduğundan həmin dərmanlar çox
bahadır. Çünki bu dərmanlar hər ölkədə istehsal edilmir. Bu xəstəliklərdən
əziyyət çəkən insanlar həmin preparatları əldə etməkdə həm maddi, həm də
tapılması baxımından böyük çətinliklərlə üzləşirlər. Onların ƏDV-dən azad
edilməsi bu dərmanların qiymətlərinin kifayət qədər ucuzlaşmasına səbəb ola
bilər. Bu yanaşmanı alqışlayır və düzgün addım kimi dəyərləndirirəm”.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də təsdiqləyir ki, nadir
xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri təkcə Azərbaycanda
deyil, istehsalçı ölkədə də çox bahadır: “Bu dərmanların ƏDV-dən azad olunması,
ən azından 18 faiz ucuzlaşma deməkdir. Ölkəmiz bu sahədə idxaldan asılıdır.
Hesab edirəm ki, yalnız nadir xəstəliklərin müalicəsində tətbiq olunan dərman
preparatları deyil, ümumiyyətlə, Azərbaycana idxal olunan bütün dərman
məhsulları ƏDV-dən azad edilməlidir”.

Həmsöhbətimiz bildirir ki, bu qaydanın tətbiqi insanların dərman
preparatlarına əlçatanlığı üçün çox faydalı olacaq: “Xəstəliklər çox, dərmanlar
bahadır. Bir xəstəlik üçün adətən davamlı müalicələr tələb olunur. İnsanların
əksəriyyəti baha olduğu üçün bu müalicələri davam etdirə bilmir. Çünki kifayət
qədər xərc tələb olunur. Dərmanların ƏDV-dən azad olması qiymətlərdə kifayət
qədər fərq yaradacaq. Bu qərarın tətbiqi və davamı olaraq idxal olunan bütün
dərman preparatlarının ƏDV-dən azad edilməsinin faydalı və lazımlı olduğunu
düşünürəm”.

Source link