Dabo: “Qarabağ” “feyr pley”ə uyğun oynamadı, əsəbiləşdim

Baxış sayı: 2. 568 dəfə baxılıb.

Dabo: “Qarabağ” “feyr pley”ə uyğun oynamadı, əsəbiləşdim

“Neftçi”nin hücumçusu Baqaliy Dabo klubun rəsmi saytına müsahibə verib. 

ÇıxışYolu.Com-ın məlumatına görə, çempionluq uğrunda mübarizədə komandasının əsas rəqiblərinin hansılar olduğunu deyən fransalı futbolçu “Qarabağ”ın qapısından keçirdiyi qolu xüsusi şəkildə qeyd etməyinə aydınlıq gətirib.

– “Qarabağ”ın qapısından keçirdiyiniz top sizin üçün əlamətdar olub. Bu sizin Azərbaycan çempionatlarında vurduğunuz 25-ci qol idi. Qolları sayırsınız?

– Xeyr, mən qollarımı saymıram, məhsuldar ötürmələrimi sayıram.

– Artıq siz bombardirlər siyahısında “Sabah”ın üzvü Marko Deviçlə 1-2-ci yerləri bölüşürsünüz…

– Bu əladır. Amma məqsədim çempionatın bombardiri olmaq deyil, “Neftçi” ilə çempion olmaqdır.

– “Qarabağ” üzərində qələbədən sonra eyforiyaya qapanmamaq çətindir?

– Əsla! Peşəkar futbolçuyuq, belə fikirlərdən uzaq olmalıyıq. Geridə cəmi doqquz tur qalıb, çempionatın böyük hissəsi hələ qarşıdadır. Heç bir eyforiyadan söhbət gedə bilməz. İndi bütün fikirlərimiz “Keşlə” ilə oyuna yönəlib.

– “Gülümsəmirəmsə, o demək deyil ki, xoşbəxt deyiləm” sözlərini bu yaxınlarda demişdiniz və vurğulamışdınız ki, adətən qolları qeyd etmirsiniz. Buna baxmayaraq, “Qarabağ”a üçüncü qolu vuranda sevincinizin həddi-hüdudu yox idi. Bilmək olar niyə?

– Düzü, qoldan bir neçə dəqiqə əvvəl rəqib “feyr pley”ə uyğun oynamadı. Bu amil məni bir az əsəbləşdirdi. Üstəlik, qol da vurdular. Bu oyunda, həm də o cür azarkeş dəstəyi altında bizi qələbədən başqa heç bir nəticə qane etməyəcəkdi. Biz qələbəyə layiq idik və üçüncü qol bütün suallara aydınlıq gətirdi. Ona görə də həmin an çox emosional idim.

– Sizcə, çempionluq uğrunda mübarizədə “Neftçi”nin əsas rəqibləri hansı klublardır?

– Məncə, bu mübarizədə əsas rəqiblərimiz “Qarabağ”, “Qəbələ” və “Sabah”dır.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com