8d35ffb5-49fd-4ecb-99aa-5097d36bffe5..jpg

Dağıntılar altından meyiti tapılan Gündüzün atası oğlu ilə son dialoqundan DANIŞDI

Baxış sayı: 623 dəfə baxılıb.

Dağıntılar altından meyiti tapılan Gündüzün atası oğlu ilə son dialoqundan
DANIŞDI

Türkiyənin Malatya şəhərində baş vermiş dəhşətli zəlzələnin azərbaycanlı
qurbanı – İnönü Universitetində tibb üzrə təhsil alan Gündüz Nəzərzadənin ölümü
onu tanıyan hər kəsə üzüntü yaşadıb.

Azxeber.com xəbər verir ki, Gündüz Nəzərzadəyə dərs demiş Azərbaycan Tibb
Universitetinin baş müəllimi Aidə Bəndəliyeva keçmiş tələbəsinin ölümündən
sarsılıb.

Müəllim bu gün başlamış tədris ilinin yaz semestrində Gündüzü bir daha
xatırladığını və onun ölümü ilə barışa bilmədiyini bildirib:

“Bu gün fevralın 16-da 2022-2023-cü il tədris ilinin yaz semestrinin ilk dərs
gününə başladıq. İlk dərs günüm əczaçılıq fakültəsinin 1-ci kurs tələbələriylə
idi. Sözün açığı bütün müəllim kollektivimizin, təhsil dalınca qardaş Türkiyəyə
gedib, zəlzələ nəticəsində həlak olan və dünən gecə vətənə cənazələri dönən
gənclərimizin acı faciəsinin təsiri altında olması, məni də hədsiz
kədərləndirdiyindən, ilk dərs üçün auditoriyaya daxil olanda baxışlarım düz 3
il bundan əvvəl mərhum tələbəmiz Gündüz Nəzərzadənin oturduğu yerə dikildi.
Dərsimizə Gündüzün və bu faciədə həlak olanların əziz xatirəsini bir dəqiqəlik
sükutla yad etməklə başladıq və onlara Allahdan rəhmət dilədik. Amma bütün dərs
boyu nakam gəncimizin surəti gözlərimin önündən çəkilmədi. Dərsdən sonra
Gündüzün tələbə yoldaşlarıyla əlaqə saxladım və Sumqayıta gedib, mərhumun
doğmalarına baş sağlığı verməyi özümə borc bildim.

Mərhumun yas yerinə çatanda ilk olaraq atası Mübariz bəylə görüşdüm. Fiziki
görünüş baxımından cüssəli və qamətli şəxs olan ata, bu ağır dərdin
ağırlığından sanki bükülmüş, gözləri isə ağlamaqdan qızararaq “qan çanağı”na
dönmüşdü. Özümü təqdim etdikdə göz yaşlarını saxlaya bilməyən ata: ”Müəllimə,
Allah sizdən razı olsun, sizi görüncə bir daha anladım ki, deməli Gündüz hər
kəs kimi müəllimlərinin də sevimlisi olub”.

Gündüzün atası gizli qalan bəzi məqamları müəllimə ilə bölüşüb:

“Gündüzgil 4 azərbaycanlı olaraq, bir mənzildə yaşayırdılar. Binanın yaşayış
üçün yararsız olması barədə deyilənlər doğru deyil. Gündüz zəlzələ baş verən
zaman yuxuda olub, heç oyanmayıb, elə yuxudaykən həlak olub. Yaxşı ki, elə
yuxuda olub, o fəlakətin qorxusunu yaşamayıb. Bir gün əvvəl 1000 manat
yarımillik təhsil haqqını göndərmişdim. Gündüz pulu aldıqdan sonra mənə zəng
edərək təşəkkür etdi və ilk dəfə olaraq bu kəlməni işlətdi “ata, haqqını halal
elə və mənə halallıq ver”. Mən bu sözü eşidəndə bir anlıq düşündüm ki, bu uşaq
niyə birdən-birə mənə belə söz dedi… Anasına çox bağlı idi, gün ərzində
anasıyla bir neçə dəfə telefonla danışardılar. Fevral ayının 5-i mənim doğum
günüm idi. Sonuncu dəfə bu münasibətlə danışdıq. 6-na kecən gecənin bir aləmi
Gündüzün bir dostu anasına zəng edərək, bu acı xəbəri, zəlzələ baş verdiyini
ona deyib. Onların yaşadığı binada xeyli ailə yaşayırmış. Zəlzələnin ilk anında
yalnız bir neçə nəfər bayıra qaçıb xilas ola bilib”.

Aidə Bəndəliyeva Gündüzün anasının hazırki vəziyyətindən də danışıb:

“Mübariz bəylə söhbət zamanı ATV kanalının çəkiliş qrupu orada idi. Mərhumun
atası müsahibə verməkdən qəti imtina edərək, “Qoy oğlum haqqında müəlliməsi
danışsın. Bu, bizim üçün bir təsəllidir” dedi. Mən tələbəm haqqında
xatirələrimi danışdıqdan sonra, Gündüzün yaşadığı mənzilə, qadınların yanına
getdim. Məni qarşılayan Gündüzün nənəsi Jenya xanım və xalası Şəfa xanım mənə
sarılaraq acı göz yaşları axıtdılar. Mən çəkinə-çəkinə anası Vəfa xanımı
soruşdum. Nənəsi dedi ki, qızıma sakitləşdirici vurulub hazırda onun təsiri
altındadır. Yaşlı nənə göz yaşları içərisində Gündüzün ona zəng vuraraq
zarafatla “Nənə gələndə sənə rəqs müəlliməsi tutacam ki, sən rəqs etməyi
öyrətsin, toyumda oynayasan” deyə ağladı. Nəvəsinin bizimlə olan tələbəlik
illərinin şəkilini onlara göndərməyimi xahiş etdi. Bunu da özü üçün kiçik bir
təsəlli olduğunu deyib, boynuma sarılıb, hönkürdü… Mənsə təsəlli üçün yalnız
bir cümlə deyə bildim “Allah səbir versin!”

Qeyd edək ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr
Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə Türkiyədə
fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalaraq həlak
olublar.

Source link