Dağıstan polisi və respublikanın Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiya DİN-nin Dağıstan üzrə cinayət axtarışı şöbəsinin rəisi, polkovnik Xaybula İbnuxacarovu saxlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə TASS və RBK agentlikləri məlumat yayıb.
“İbnuxacarovu maliyyə hesabatlığının saxtalaşdırılmasında ittiham edirlər, cinayət işinin qaldırılması haqqında məsələyə baxılır”, – deyə, RBK-nın mənbələri bildiriblər.
Məlumata görə, İbnuxacarovla yanaşı daha bir əməkdaş sənədləri saxtalaşdırmaqda şübhəli bilinir. Yoxlamalar respublikanın bütün güc strukturlarında aparılacaq, RBK yazır.
Dağıstan DİN-nin saytında bildirilir ki, idarədə iki əməkdaş tərəfindən maliyyə pozuntuları aşkarlanıb və onların işdən çıxarılması haqqında məsələyə baxılır.
Qeyd edək ki, fevralda Dağıstanda genişmiqyaslı antikorrupsiya yoxlamaları başlayıb. Yoxlama çərçivəsində respublika hökumətinin başçısı Abdusəməd Həmidov, onun müavinləri və daha bir neçə məmur saxlanılıb. Onları dələduzluqda ittiham edirlər.