Dağıstanda davam edən geniş-miqyaslı anti-korrupsiya istintaqı çərçivəsində, respublikanın inşaat, memarlıq və mənzil-kommunal təsərrüfat naziri vəzifəsini müvəqqəti icra edən İbrahim Kazibekov axtarışa verilib.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dağıstanın başçısı Vladimir Vasilyev açıqlama verib.
Bundan əvvəl regionun hüquq mühafizə orqanları, evində axtarış aparılmış Kazibekovun Dağıstandan qaçdığını bildirmişdi.
“Hal-hazırda bizim inşaat nazirimiz axtarışdadır” deyə Vasilyev jurnalistlərə bildirib.
Hazırda Dağıstanda korrupsiyaya qarşı istintaq çərçivəsində Moskvadan göndərilmiş xüsusi komissiya işləyir. Komissiya ezam olunduğu vaxt ərzində sosial sferada iri məbləğlərdə dövlət vəsaitinin talanı ilə bağlı faktlar aşkarlayıb.
Dağıstanın keçmiş baş naziri Əbdüsəməd Həmidov, onun iki müavini Şamil İsayev və Rayudin Yusifov və təhsil naziri Şahabbas Şahov həbs olunub.