Daha bir “ABAD” satış mərkəzi fəaliyyətə başlayıb

Daha bir “ABAD” satış mərkəzi fəaliyyətə başlayıb

Baxış sayı: 2. 956 dəfə baxılıb.

Daha bir “ABAD” satış mərkəzi fəaliyyətə başlayıb

ABAD”ın yeni, sayca doqquzuncu etno-butiki Bakı şəhərində yerləşən beş ulduzlu hotellərdən biri olan “Fairmont Baku Flame Towers”da fəaliyyətə başlayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən “ASAN xidmət”in tabeliyində yaradılıb:

“Üç regional mərkəz və doqquz sərgi-satış mərkəzi fəaliyyət göstərir. Bu günə kimi “ABAD”a 300 ailə qoşulub. Onların hazırladığı əl işləri “ABAD” vasitəsilə sənədləşdirilir, qablaşdırılır və satışı təşkil olunur. Bu, özü sosial bir layihədir.

İlham Əliyevin ailə təsərrüfatının inkişafı üçün həyata keçirdiyi islahatların tərkib hissəsidir. Qısa müddətdə “ABAD” qarşıya qoyulan vəzifələri icra edib”.

Ülvi Mehdiyev iki il ərzində “ABAD”a qoşulan ailələrin gəliri barədə də məlumat verib:

“Ailələrin gəlirləri müxtəlifdir. Elə ailə var ki, aylıq 3000, digərləri isə 300-500 manat qazanıb. Bu, məhsullarının bazarda tələb-təklifinə uyğundur. Fikrimcə,  kifayət qədər normal məbləğdir”.

Tədbirdə qeyd edilib ki, satış mərkəzi xarici qonaqların və yerli sakinlərin Azərbaycan mədəniyyəti nümunələrinə olan marağının və tələbatının təmin edilməsi, ailə təsərrüfatları və dekorativ-tətbiqi xalq sənətkarları tərəfindən istehsal edilmiş məhsulların satışına əlavə dəstək göstərilməsi üçün yaradılıb.

Burada “ABAD”çıların əl işləri, suvenirlər, həmçinin “ABAD”ın dəstək göstərdiyi ailə təsərrüfatlarının qida brendləri satışa çıxarılıb. Bundan başqa, etno-butikdə xüsusi dizaynlı “Azərçay” məhsulları da təqdim olunur.

Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosialyönümlü layihələrin həyata keçirilməsidir.

“ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com