Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilər mübarizəyə başlayıb.
Türkan Nəsirova (-50 kq) və Elmira Qəmbərova (-59 kq) gərgin keçən görüşlərdə müvafiq olaraq Ukrayna və Rusiya təmsilçilərinə məğlub olub.
Dünya üçüncüsü İrina Netreba bu dəfə gücünü 68 kq-da sınayıb. Debütdə sonuncu xal prinsipinə əsasən belaruslu rəqibinə qalib gələn yığmamızın üzvü 1/4 finalda Bolqarıstan güləşçisini minimal fərqlə üstələyərək adını yarımfinala yazdırıb. Onun bu mərhələdəki rəqibi ukraynalı Alla Çerkasova olacaq.
Ötən il Avropa çempionatında bürünc medal qazanan Səbirə Əliyeva (-76 kq) startda Belarus idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra macar həmkarıyla bacarmayıb.
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.