Daha bir güləşçimiz dünya çempionatının finalına çıxıb

Baxış sayı: 1. 984 dəfə baxılıb.

Daha bir güləşçimiz dünya çempionatının finalına çıxıb

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

ÇıxışYolu.Com xəbər verir ki, qadınların yarışında Alyona Kolesnik (-57 kq) bürünc medal görüşündə monqolustanlı Tserençimed Suxeeyə 3:11 hesabı ilə uduzaraq medalsız qalıb.

Bolqarıstanlı legionerimiz Elis Manolova (-65 kq) isə finalda yaponiyalı Ayana Qempeyə 3:7 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib. Dörd idmançı ilə mübarizə aparmış qadın millimiz bununla da dünya çempionatını bir gümüş medalla tamamlayıb.

Dünən – beşinci yarış günündə həmçinin sərbəst güləşçilər mübarizəyə başlayıb. Yığmamızın üç üzvü xalça üzərinə çıxıb.

Əfqan Xaşalov (-57 kq) mundiala inamlı start verib. Həmyerlimiz ilk görüşdə gürcü güləşçi üzərində parlaq qələbə qazanıb. Ancaq Xaşalov 1/4 finalda özbəkistanlı idmançıya müqavimət göstərə bilməyib.

Əli Rəhimzadənin (-65 kq) ilk görüşü ağır mübarizə şəraitində keçib. Kanada təmsilçisi ilə qarşılaşmada hesabda 1:3 geridə olan Rəhimzadə son saniyələrdə əldə etdiyi iki xal sayəsində növbəti mərhələyə yüksəlib.

Əli Moldova nümayəndəsini də üstələyərək, adını yarımfinala yazdırıb. Yarımfinal görüşü axşam seansında keçirilib. Macar güləşçidən də güclü olan Rəhimzadə finala vəsiqə qazanıb.

Pəhləvanımızın qızıl medal uğrunda mübarizəsi bu gün axşam seansında baş tutacaq. Rəqib son Olimpiya Oyunlarının gümüş mükafatçısı olmuş yaponiyalı Rei Hiquçidir.

Füzuli Hüseynov (-70 kq) isə gürcü rəqibi ilə görüşdə hesabı açan tərəf olsa da, təşəbbüsü əldən verərək uduzub.  

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com