61473b0d-33c2-4cad-bdb8-0bb7adbbe715..jpg

Daha bir ölkə dizel yanacağına “stop” qoyur – Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir?

Baxış sayı: 617 dəfə baxılıb.

Daha bir ölkə dizel yanacağına “stop” qoyur – Bəs ölkəmizdə bu sahədə vəziyyət
necədir?

Avropanın aparıcı ölkələrindən sonra Qazaxıstanda da dizellə işləyən
avtomobillərin istismarı qadağan edilir. Dost ölkədə bu layihə ilkin mərhələdə
Almatı şəhərində reallaşdırılacaq. Layihənin məqsədi ətraf mühiti qorumaq,
ekoloji tarazlığı bərpa etməkdir.

Nəzərə alaq ki, Bakı şəhərində istifadə edilən yük və sərnişin
avtomobillərinin xeyli hissəsi dizel yanacağı ilə işləyir.

Təsadüfi deyil ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ötən həftə
paylaşdığı hesabatda paytaxtda ekoloji vəziyyətin narahatlıq doğuracaq həddə
olduğu qeyd edilib.

Belə ki, Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərində dispers toz
hissəciklərinin miqdarı 1,4, dəm qazı 1,6, azot-4 oksid 1,5, kükürd qazı 1,2,
Sumqayıt şəhərində isə azot-4 oksid 1,2 dəfə normadan yüksək müəyyən edilib.

Belə olan vəziyyətdə Bakıda dizellə işləyən avtomobillərin istismarının
qadağan edilməsi nə qədər realdır?

Suala deputat, iqtisadçı-ekspert Vüqar Bayramov aydınlıq gətirib.
Bizim.Media-ya açıqlamasında o bildirib ki, hazırda ölkəmizdə dizel
yanacağından istifadənin qadağan edilməsi məsələsi müzakirə olunmur:

“Müzakirə olunan məsələ keyfiyyətli yanacaqdan istifadə imkanlarıdır. Yəni
ekoloji cəhətdən təmiz və yüksəkkeyfiyyətli yanacaqdan istifadə olunması
məsələsi bu gün daha çox müzakirə edilir.

Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə “Avro-5” standartları tətbiq
edilir. Eyni zamanda, dizellə bağlı uyğun standartlar müəyyənləşdirilir.

Bu mənada Azərbaycanda hazırda hansı növ yanacağın qadağan edilməsi yox, daha
keyfiyyətli yanacağın həcminin artırılması daha prioritetdir. Qeyd edim ki,
Azərbaycanda yeni emal zavodunun istifadəyə verilməsi Avropa standartlarına
uyğun yanacağın istehsalına imkan yaradacaq. Ona görə də düşünürəm ki, hazırda
əsas məsələ daha çox keyfiyyətli yanacağın istehsalına və bazardakı yanacağın
keyfiyyətinin daha yüksək olmasına çalışmaqdır”.

Source link