Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salınıb – FOTO
Ukraynadakı müharibədən əziyyət çəkən daha bir qrup ukraynalı uşaq Azərbaycana
yola salınıb.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasimində Ukrayna Ali Radası sədrinin
müavini Olena Kondratyuk, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və
digər şəxslər iştirak ediblər.
O.Kondratyuk bildirib ki, valideynləri hazırda cəbhədə olan uşaqlar iki həftə
ərzində “Qəbələ” tibb-sağlamlıq mərkəzində tibbi reabilitasiya kursu keçəcəklər.
Vitse-spiker vurğulayıb ki, 29 ukraynalı uşağın Azərbaycanda qalması ilə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev uşaqlara yaxşı istirahət,
sağalma və yeni təəssüratla evə qayıtmalarını arzulayıb. Bildirib ki,
Azərbaycan dövləti Ukraynaya humanitar yardımlarını, dəstəyini davam etdirəcək.
Artıq neçənci dəfədir ki, Ukraynadan olan uşaqların reabilitasiyadan keçmələri
üçün Azərbaycana səfərləri təşkil olunur.
Qeyd edək ki, səfər çərçivəsində uşaqlar peşəkar psixoloqlar tərəfindən təşkil
olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa
məşğələləri, eyni zamanda, psixososial təlimlər, ustad dərsləri vasitəsilə
azyaşlıların emosional vəziyyətlərinin sabitləşməsi, eləcə də cəmiyyətə
inteqrasiyaları təmin ediləcək.
Xatırladaq ki, bundan öncə bir neçə dəfə ukraynalı uşaqların Azərbaycana
səfəri təşkil olunub.