Fövqəladə Hallar Nazirliyinin (FHN) qeyri-sabit hava şəraiti ilə əlaqədar
əhaliyə müraciət edib.
Bu barədə Cixisyolu.com-a nazirlikdən məlumat verilib.
Müraciətdə bildirilib:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində
qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, ayrı-ayrı yerlərdə
yağışın intensiv və güclü olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel
keçəcəyi, şimşək çaxacağı, bir sıra yerlərdə küləyin arabir güclənəcəyi,
havanın temperaturunun ötən günlərlə müqayisədə daha da enəcəyi gözlənilir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət
edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq
üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan vətəndaşların diqqətli
olmaları, daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaları, bu təhlükə ilə
üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaları tövsiyə edilir.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti
tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və
naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı
çətinliklər, eləcə də havanın temperaturunun enməsi fonunda qızdırıcılardan
istifadənin artması nəzərə alınaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi
riayət edilməlidir.
İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən
ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq
havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya
yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən
çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri
qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir”.
10:54
Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət
iştirakçılarına müraciət edib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda
ölkəmizə müşahidə olunan yağışlı havanın oktyabrın 20-dək davam edəcəyi
gözlənilir:
“Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar hərəkət
iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol
hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin
məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq sürücülər sürət
həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat
vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.
Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq, piyadalar da
məsuliyyətli olmalı, həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda
pozuntularından çəkinməlidirlər”.