f7eb5265-f906-40cc-8e94-59267f210c13..jpg

Daimi Nümayəndəlik: “Ermənistan həm sözdə, həm də əməldə Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir”

Baxış sayı: 703 dəfə baxılıb.

Daimi Nümayəndəlik: “Ermənistan həm sözdə, həm də əməldə Azərbaycanın ərazi
bütövlüyünə hörmət etməlidir”

“Ermənistan həm sözdə, həm də əməldə Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinə hörmət etməlidir”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi
Nümayəndəliyinin Ermənistan XİN-in bəyanatına dair şərhində deyilir.

Şərhdə bildirilir ki, Ermənistan xarici işlər nazirinin bu ilin iyulunda
etdiyi son çıxışından sonra rəsmi İrəvandan konstruktiv yanaşma gözlənilirdi:

“Təəssüf ki, Ermənistan Azərbaycanla əldə olunmuş razılaşmaların həllindənsə,
öz köhnəlmiş münaqişə hekayələrini təbliğ etmək üçün müxtəlif platformalardan
istifadə edir. Və Azərbaycana qarşı dezinformasiya və böhtan kampaniyası
aparır. 2020-ci ilin noyabrında üçtərəfli bəyannaməyə əməl etməkdən boyun
qaçırır”.

“Azərbaycan sülh gündəmini irəli aparmaq üçün güclü siyasi iradə nümayiş
etdirir. Ermənistan isə Azərbaycanla münasibətlərin normallaşması prosesində
ciddi problemlər yaradır. 30 ildir bu ölkəni xarakterizə edən model –
danışıqların imitasiyası, geriyə addım vasitəsilə əvvəlki müqavilələrdən və
götürülmüş öhdəliklərin icrasından yayınma, eləcə də müxtəlif siyasi, hərbi və
digər təxribatlara əl atmaqdır. Ermənistan bir məqsəd güdür: Azərbaycan
ərazisində separatizmi bütün mümkün vasitələrlə dəstəkləmək. Ermənistan vaxt
itirir və bütün istiqamətlərdə danışıqlarda irəliləyişə nail olmağa yönəlmiş
real addımlardan qaçır. Bu ölkə iki il yarımdır ki, Laçın yolundan qeyri-qanuni
daşınmalar üçün sui-istifadə edir. Hətta buraya humanitar məqsədlərlə
göndərilmiş yüklərin qarşısını almağa çalışır. Bu azmış kimi, Beynəlxalq Ədalət
Məhkəməsindən və digər qurumlardan öz məqsədləri üçün istifadə etməyə çalışır”,
– Daimi Nümayəndəlik qeyd edib.

Bəyanatda vurğulanır ki, bütün hallarda, istisnasız olaraq, Ermənistan tərəfi
əvvəllər əldə edilmiş razılaşmaları müxətlif bəhanələrlə pozub:

“Vəziyyəti süni şəkildə uzatmaq, gərginliyi artırmaq və nəticədə normallaşma
prosesini pozmaqla Ermənistan həyasız siyasi kampaniya aparır. Demək olar ki,
10 minlik erməni ordusu qeyri-qanuni olaraq Azərbaycan ərazisində qalmağa davam
edir. Onlarda tank və digər zirehli texnika avadanlıq, iki yüzdən çox ağır
artilleriya qurğusu, o cümlədən çoxsaylı raket sistemləri, onlarla müxtəlif növ
elektron döyüş sistemləri, hazırda xidmətdə olan təxminən iki yüz minaatan var.
Ermənistan beynəlxalq öhdəliklərini pozaraq bu dəstələrə texniki, hərbi,
maddi-texniki və maliyyə dəstəyi göstərir. Azərbaycan ərazisindəki birləşmələr
birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Son günlər biz hərbi
təxribatların daha da intensivləşdiyinin şahidi oluruq. Ermənistan yeni
səngərlər qazır, istehkamlar tikir”.

Daimi Nüməyəndəlik beynəlxalq ictimaiyyəti və ATƏT-in iştirakçısı olan
dövlətləri Ermənistanı sülh danışıqlarına təşviq etmək üçün zəruri təcili
tədbirlər görməyə çağırıb:

“Ermənistanın sülh prosesinə xələl gətirən hərəkətləri beynəlxalq ictimaiyyət
tərəfindən pislənməlidir. Onu sülhə məcbur etmək üçün əlavə səylər
göstərilməlidir. Regionda sülh və sabitliyə nail olmağın yeganə yolu budur.
Ermənistan silahlı qüvvələri Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam
çıxarılmalıdır”.

Source link