Dairə seçki komissiyalarının tərkibi niyə dəyişdirildi? – RƏSMİ AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Azərbaycanda seçki dairələri üzrə
dairə seçki komissiyaları təşkil edilib. MSK-nın həmin iclasında seçki
dairələrinin yaradılması sxemi və qrafik təsviri təsdiqlənib. Toplantıda 92
seçki dairəsi üzrə dairə seçki komissiyaları (DSK) təşkil edilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, 33 seçki dairəsi üzrə dairə seçki
komissiyalarının adı və sıra sayı dəyişmədiyindən tərkibi olduğu kimi
saxlanılıb. MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinə
əsasən, seçki dairələri ölkə üzrə seçicilərin sayının 125-ə bölünməsi yolu ilə
formalaşdırılır. Bu məqam nəzərə alınaraq dövrü olaraq yeni seçki məntəqələri
yaradılır:
“Bu ilin mayından seçki dairələri üzrə seçicilərin orta təmsilçilik normasının
yenidən müəyyənləşdirilməsinə ehtiyac yaranıb. Orta təmsilçilik norması nəzərə
alınaraq, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin
yenidən təsdiqlənməsi təklif olunub. Çalışmışıq ki, dairələr üzrə seçicilərin
orta təmsilçiliyi bir-birinə yaxın olsun”.
Görəsən, yeni dairə seçki komissiyalarının təşkilinə səbəb nədir?
Bizim.media-ya açıqlamasında MSK katibi Mikayıl Rəhimov bildirib ki, səsvermə
hüququ olan seçicilərin sayı 10 min nəfər artıb:
“Seçki dairələri üzrə dairə seçki komissiyalarının yenidən təşkili, demək olar
ki, heç nəyi dəyişmədi. Dairə seçki komissiyaları ona görə yenidən təşkil
olunub ki, Azərbaycan üzrə DSK-larda səsvermə hüququ olan vətəndaşların sayı
təxminən 10 min nəfərə qədər artıb. Bu həmin ərazilərdə seçicilərin sayının
artması ilə müşayiət olunduğuna görə dəyişiklilər yeni coğrafiyanı, yeni
cizgiləri əhatə etdi.
Yeni yaşayış məntəqələri daxil oldu, bəzi dairələrin tərkibindən ayrı-ayrı
yaşayış məntəqələri çıxarılaraq, digərlərinə birləşdi. Ona görə də dairə seçki
komissiyalarının yenidən formalaşmasına zərurət yarandı və həmin prosesi həyata
keçirdik”.
“Bu addımın komissiyaların tərkibi ilə bağlı məsələyə heç bir təsiri
olmayacaq. Komissiyalar Seçki Məcəlləsinin tələblərinə uyğun formalaşdırılıb.
Mərkəzi Seçki Komissiyası – altı nəfər parlament çoxluğunu, altı nəfər
parlament azlığında olan partiyaları və altı nəfər bitərəfləri təmsil edir.
DSK-ların formalaşmasında da eyni proporsiya həyata keçirilib.
DSK üzvlərinin əksəriyyəti həmin dairələrdə qaldı, amma gedənlər də oldu. MSK
isə həmin dairələrə yeni nümayəndələr təyin edib”, – deyə Mikayıl Rəhimov
bildirib.