c628cb06-266f-4d14-a490-4afffc0b6cbb..jpg

Danimarkadan olan səyahətçi: “Azad olunmuş ərazilərdəki dağıntıların miqyası məni şoka salıb”

Baxış sayı: 882 dəfə baxılıb.

Danimarkadan olan səyahətçi: “Azad olunmuş ərazilərdəki dağıntıların miqyası
məni şoka salıb”

“Qarabağda böyük bərpa işləri aparılır və insanlar bir zaman didərgin
düşdükləri doğma torpaqlarına, evlərinə qayıda biləcəklər”.

Bunu “Report”a açıqlamasında beynəlxalq səyahətçilər qrupunun tərkibində
Qarabağda və Şərqi Zəngəzurda olan danimarkalı səyahətçi Maqnus Zayersen Nilsen
deyib.

“Şuşaya səfər etdik, istehkamçıların işlədiyi mina sahələrini gözlərimizlə
gördük”, – deyə o təəssüratını bölüşüb.

M.Nilsenin sözlərinə görə, azad edilmiş ərazilərdə gördükləri onda güclü
təəssürat yaradıb, çünki əraziləri minalardan təmizləmək böyük işdir:

“Yalnız bu proses başa çatdıqdan sonra insanlar torpaqlarına qayıda
biləcəklər. Bu ərazilərdəki dağıntıların miqyası məni şoka salıb. Bir çox
evlər, demək olar ki, tamamilə dağıdılıb. Yalnız Şuşada onlardan bəziləri
salamat qalıb. Amma bərpa işlərinə artıq başlanıldığının şahidi oldum. Ümid
edirəm ki, vaxtilə buradan qovulmuş insanlar tezliklə evlərinə qayıda
biləcəklər”.

Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərdə törətdiyi vandalizm
aktlarına münasibət bildirən M.Nilsen dağıdılmış şəhərlərin necə bərpa
edildiyini görmək üçün bir neçə ildən sonra Qarabağa qayıdacağına ümid etdiyini
bildirib:

“Mən 5-10 ildən sonra bu yerlərə gəlmək, bu ərazilərin necə bərpa olunduğunu,
burada həyatın necə davam etdiyini görmək istərdim”.

O əlavə edib ki, azad edilmiş ərazilərdəki şəhər və kəndləri “sıfırdan bərpa
etmək” lazımdır.

Xatırladaq ki, 11 ölkədən səyahətçilərin daxil olduğu beynəlxalq qrup
Qarabağda və Şərqi Zəngəzurda səfərdədir. 30 nəfərlik qrupa ABŞ, Böyük
Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya,
İspaniya və Braziliyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın
4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu
üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edirlər.

Source link