fac95aaa-1713-436e-bfd0-197af9a16963..jpg

Darya Qrevtsova: “Paşinyan başa düşür ki, onun başqa yolu yoxdur” – Rusiyadan MÜSAHİBƏ

Baxış sayı: 538 dəfə baxılıb.

Darya Qrevtsova: “Paşinyan başa düşür ki, onun başqa yolu yoxdur” – Rusiyadan
MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2024-cü il Azərbaycan üçün uğurlu olacaq. Azərbaycan Respublikası regionun
lideridir, onun rəyi dinlənilir ki, bu da beynəlxalq münasibətlərdə çox
önəmlidir. Bakı öz gücünü, müstəqilliyini göstərdi. Azərbaycan qalib ölkədir.
Ermənistanda bunu görür və başa düşürlər. Ermənistan Respublikasının güclü
dövlətə çevrilməsi üçün Azərbaycanla sülh müqaviləsi imzalaması lazımdır”.

Bunu Cixisyolu.com-a müsahibəsində Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor
müaviniDarya Qrevtsova deyib.

– Azərbaycanda Ermənistanla sülh sazişinin mətni üzərində ciddi irəliləyişdən
danışırlar. Amma Ermənistanda belə bir sənədin imzalanmasına qarşı çıxan
qüvvələr var. Məsələn, Ermənistan parlamentinin müxalif deputatı İşxan
Saqatelyan Azərbaycanla Ermənistan arasında 2024-cü ildə bağlanacaq sülh
müqaviləsini kapitulyasiya müqaviləsi adlandırıb. Bundan əlavə, o, Ermənistanın
baş naziri Nikol Paşinyan tərəfindən həyata keçirilən “barışdırma siyasətini”
pisləyib…

– Bu sülh müqaviləsi bütün regionun, o cümlədən Ermənistanın inkişafı üçün
çoxlu imkanlar açacaq. Görünür, Nikol Paşinyan sülh müqaviləsini imzalamağa
hazırdır və bunun üçün ona Ermənistan isteblişmentindən dəstək lazımdır.
Ermənistanda sülh istəməyən və öz millətçi hissləri ilə keflənən, qisas
yanğısından açıq danışan bir çox müxalif qüvvələr var. Təbii ki, onların qisas
almaq üçün real imkanları yoxdur. Amma bunu bəyan etməyə heç nə mane olmur və
bəzi seçicilər bunu kapitulyasiya aktı və ya başqa nə cürsə adlandıraraq
ölkələr arasında sülhün imzalanmasına mane olmağa çalışan erməni
siyasətçilərinə səs verməyə hazırdırlar. Aydındır ki, bütün bunlar Paşinyana və
komandasına qarşı edilir.

Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir və erməni xalqı bu mübarizədə
alətdir. Düşünürəm ki, Paşinyan başa düşür ki, onun başqa yolu yoxdur: o, sülh
sazişi imzalamalı və sonra Ermənistanın qonşuları ilə fəal şəkildə əlaqə
saxlamalıdır. Belə olan halda Türkiyə ilə əməkdaşlıq üçün yollar və imkanlar
açılır və bu, iqtisadi və logistik layihələrin inkişafına müsbət təsir
göstərəcək. Azərbaycanla sülh Ermənistan üçün təhlükəsizlik və sabitlik
baxımından vacibdir.

Çox vacib olan odur ki, İrəvan sülh müqaviləsi imzalamaqla bir çox
məsələlərin, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı
məsələlərin konstruktiv həllinə sadiq olduğunu göstərəcək.

Sülhə qarşı çıxan revanşist qüvvələri geri itələmək üçün Paşinyanın komandası
daha da güclənməlidir. Çox güman ki, Paşinyan 2024-cü ildə buna nail olacaq və
biz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının şahidi
olacağıq.

Paşinyanın qarşısında daha bir sual durur: o, sazişi imzalamaq üçün hansı
platforma ilə razılaşmalıdır? O, Rusiya platformasında bunu etmək istəmir,
çünki hesab edir ki, Moskva yanlış hərəkət edib və Ermənistana qarşı dost
münasibəti bəsləmir. Ola bilsin ki, Ermənistanın baş naziri üçün Avropa
İttifaqının (Brüssel) və ya ABŞ-nin platformasına üstünlük verilir. Amma mənə
elə gəlir ki, Azərbaycan bu seçimdən o qədər də məmnun qalmazdı, çünki ABŞ və
Avropa paytaxtlarından Bakıya qarşı çoxlu əsassız tənqidlər eşidilirdi. Daha
onların vasitəçi imicini gücləndirmək nəyə lazımdır? Deməli, bu imzalanmanın
keçiriləcəyi neytral ölkə tapıla bilər.

– Qonşuların istəklərinin əksinə olaraq Ermənistan vasitəsilə Cənubi Qafqaza
daxil olmaq istəyən Qərbin, ilk növbədə də Fransanın fəaliyyəti barədə nə
düşünürsünüz?

– Bəli, Fransa indi Cənubi Qafqaza girməyə çalışır, bunun üçün əlindən gələni
edir, o cümlədən Ermənistana silah tədarükünü həyata keçirir. Bu, yeri
gəlmişkən, başqa ölkələrdən, təkcə Azərbaycandan deyil, Rusiyadan da çoxlu
suallar doğurur.

Moskva yaxşı bilir ki, Fransa Rusiya Federasiyasını Cənubi Qafqaz regionundan
sıxışdırıb çıxarmaq istəyir. Bu isə Fransa Prezidenti Emmanuel Makronun
Fransanın Afrika siyasətinin uğursuzluğuna görə Rusiya Prezidenti Vladimir
Putindən bir növ şəxsi qisasıdır. Makron mümkün olan hər yerdə Rusiyanı
sıxışdırmaq istəyir və Ermənistan Parisə Cənubi Qafqazda bunu etmək cəhdinə
imkan yaradır. Amma eyni zamanda, Makronun şirin çıxışları və silah tədarükü
ilə Ermənistanın suverenlik və müstəqilliyinin mübadiləsi gedir.

Amma Fransanın Cənubi Qafqaza nə dərəcədə yaxından nüfuz edə biləcəyi böyük
sualdır. Ermənistan Rusiya ilə sıx bağlıdır, o cümlədən iqtisadi (idxal-ixrac,
Ermənistanda bir çox müəssisə Rusiyadan maliyyə alır) cəhətdən. Rusiya
Federasiyasının iştirak etdiyi inteqrasiya birliklərinin üzvüdür.

Buna görə də erməni xalqı Rusiyaya qarşı çıxanda Fransa daha yumşaq gücdən
istifadə edəcək, bu, Moskvanın diqqətini cəlb etmək üçün Paşinyanın hansısa
biabırçı, təxribat xarakterli bəyanatları da ola bilər.

Nair Əliyev

Source link