b4b24d01-a625-40c1-86f2-c5105911a936..jpg

Daşaltı şəhidlərinin məzarı ziyarət olunub – FOTO

Baxış sayı: 932 dəfə baxılıb.

Daşaltı şəhidlərinin məzarı ziyarət olunub – FOTO

Daşaltı əməliyyatının 31-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət
olunub.

“Report” xəbər verir ki, müharibə veteranları, Daşaltı əməliyyatında şəhid
olanların yaxınları və məktəblilər 1992-ci il yanvarın 25-26-da Şuşanın Daşaltı
kəndinin erməni işğalından azad olunması üçün həyata keçirilən əməliyyat zamanı
şəhid olan hərbçilərin məzarlarını ziyarət ediblər.

Şəhidlərin ruhuna dualar oxunub, xatirələri yad olunub.

Daşaltı şəhidi Elman Camalovun qohumu Sevda Fətullayevanın sözlərinə görə,
E.Camalov müharibəyə könüllü gedib:

“Elman çox vətənpərvər idi, vətənini sevirdi. 44 günlük Vətən müharibəsinə
qədər hər ilin bu günü ürəyimdə qəribə bir nisgil yaranırdı. Amma zəfər
qazanılanda, Şuşamız azad ediləndə sanki rahatlıq tapdım. Elman mənə öz
qardaşım qədər doğma idi. Bu gün daha rahatam ona görə ki, həm Elmanın, həm də
onun kimi şəhid olan digər oğulların qisası alındı. Allah bütün şəhidlərimizə
rəhmət eləsin”.

Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla
nəticələnən Daşaltı əməliyyatından 31 il ötür. Əməliyyat Şuşanın Daşaltı
kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il
yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

Source link