Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılmış Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin təqdimat mərasimi keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 2.3.2-ci tədbirinə uyğun olaraq yaradılmış Daşınar Əmlakın yüklülüyünün dövlət reyestrinin təqdimat mərasimində nazirliklərin və Palatanın əməkdaşlıq etdiyi bir sıra yerli və beynəlxalq qurumların nümayəndələri, eləcə də, media orqanlarının təmsilçiləri iştirak ediblər.
Mərasimi giriş nitqi ilə açan Palatanın baş icraçı direktoru İbrahim Alışov 2016-2017-ci illər ərzində dövlət təşkilatları, publik hüquqi şəxslər, habelə maliyyə bazarlarının iştirakçıları tərəfindən ölkə prezidentinin müəyyən etdiyi iqtisadi siyasətin icrası nəticəsində müsbət iqtisadi meyillərin yarandığını, inflyasiyanın azadlığını, milli valyutanın məzənnəsinin sabitləşdiyini, bank sektoruna kapital qoyuluşlarının təmin edildiyini, əmanətlərin artığını və əhalinin maliyyə sektoruna etimadının bərpa olunduğunu bildirib.
Maliyyə bazarlarına etimadın bərpası və kredit aktivliyinin artırılması istiqamətində aparılmış xüsusi əhəmiyyətli institusional islahatlar isə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun və Özəl kredit Bürosunun yaradılması olub.
Daşınar əmlakın yüklülüyünün reyestrinin formalaşdırılmasının da maliyyə vasitəçiliyinin dərinləşməsində əhəmiyyətli rola malik olacağı qeyd olunub.
İ. Alışov çıxışı zamanı reyestrin əsas fəaliyyət prinsiplərinin dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmin edilməsi, yüklü əmlakın təkrar istifadəsinin məhdudlaşdırılması, yüklü edilmiş əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılması olduğunu qeyd edərək sözügedən Reyestrin ölkədə yeni kreditləşməsi fazasına keçidi şərtləndirən amil olacağını vurğulayıb.
Çıxışının sonunda İ.Alışov qeyd edib ki, reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsaitlər cəlb etməsini stimullaşdıracaq ki, bu da nəticədə maliyyə əlçatanlığının artımını şərtləndirəcək.
Bundan əlavə, reyestrin fəaliyyətinin biznes mühitinin əlverişliliyinə müsbət töhfə verəcəyi və ölkənin beynəlxalq reytinqlərinin yüklənməsini şərtləndirəcəyini bildirib.