Daşınmaz əmlakla bağlı bəzi qərarlarda dəyişiklik edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli Qanunun
icrasını təmin etmək məqsədilə Azərbaycan Nazirlər Kabinetinin bəzi
qərarlarında dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz
əmlakının qeydiyyatı Qaydası”na 2.1-1-ci bənd əlavə edilib. Yeni bəndə əsasən,
yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının
qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət
İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə
edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb
edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim
edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından
(qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Həmçinin, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün
sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” üzrə
aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilib. Yeni bəndə görə, hüquqların dövlət
qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət
İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə
edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb
edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim
edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından
(qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Bundan başqa, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət
reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a 2.1-1-ci bənd əlavə
edilir. Əlavəyə görə, arayışın alınması üçün zəruri olan sənədlərin Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan)
əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə
sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün
olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu
əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi
tərəfindən təmin edilir.