Daşkəsəndə Çəndə Qələviləşdirmə Zavodu sınaq rejimində istifadəyə verilib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sifarişçisinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin olduğu, Baş Podrat
qismində isə işlərin əsas icraçısı kimi “Maqro Construction” MMC-nin Azərbaycan
Respublikasındakı Filialının çıxış etdiyi Daşkəsən rayonunda yerləşən Çovdar
İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Çəndə Qələviləşdirmə Zavodu
sınaq rejimində istifadəyə verilib.
Dekabrın 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev,
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi,
“AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, İqtisadiyyat
nazirinin müavini Səməd Bəşirli, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir
İbrahimov, “Maqro Construction” MMC-nin təsisçisi Emin Uçar, eləcə də Ekologiya
və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin və yerli icra hakimiyyətinin
nümayəndələrinin iştirakı ilə müəssisəyə baxış keçirilib.
Tədbir iştirakçıları ÇİRES-də qiymətli metal filizlərinin çəndə qələviləşdirmə
(CIL – Carbon in Leach) texnologiyası ilə emalını həyata keçirəcək zavodun
fəaliyyəti, eləcə də “Çovdar” mədənində hasilat prosesi və nəm tullantıların
idarə olunması prosesi ilə tanış olublar.
Daşkəsən və Göygöl rayonlarında yerləşən qızıl mədənlərindən hasil edilən
qiymətli metal filizlərinin emalında texniki və iqtisadi səmərəliliyin daha da
artırılması məqsədilə inşa olunan zavodun tikinti-quraşdırma işləri, tətbiq
edilən texnologiya və istehsal imkanları barədə ətraflı məlumat verilib.
Bildirilib ki, “Çovdar” və cinah yataqlarından hasil edilən qiymətli metal
filizlərinin emalı prosesində mövcud maddi-texniki resurslardan
mərkəzləşləşdirilmiş qaydada istifadə edilməsi məqsədilə 2020-ci ildə Çovdar
Filiz Emalı Sahəsinin bazasında ÇİRES təşkil edilib. Ümumi sahəsi 502 hektar
olan regional emal sahəsində inşa edilən yeni zavodun təyinatı “Çovdar” və
cinah mədənlərində hasilat və istehsalat prosesinin daha mürəkkəb, əməliyyat
xərclərinin daha yüksək olduğu mərhələdə – Sulfid fazasında filizlərin emalının
optimal texnoloji üsulla həyata keçirilməsidir. Belə ki, illik 1.1 milyon ton
filizüyütmə potensialına malik olan zavodun fəaliyyəti ilə filizlərin
mineraloji tərkibindən və metallurji xüsusiyyətlərindən asılı olaraq qızılın
90%-dək çıxımı təmin olunacaq. Qızıl mədənlərinin Oksid fazası üzrə isə
maksimum səmərəliliyin təmin edilməsi üçün topa qələviləşdirmə (HLP – Heap
Leach Pad) texnologiyası tətbiq edilir.
Tanışlıq səfəri çərçivəsində bildirilib ki, ÇİRES-də çəndə qələviləşdirmə
texnologiyası Böyük Britaniyanın beynəlxalq nüfuzlu “Micon International Co
Limited” şirkətinin hazırladığı texnoloji dizayn əsasında layihələndirilib.
“Maqro Construction” şirkətinin əsas podratçı qismində, Yilmaz Proses
Teknolojileri Detay Mühendisliği Madencilik Danişmanlik Inşaat Şirkətinin
subpodratçı qismində, Heerim Architecs&Planners Şirkətinin AR Filialının Layihə
meneceri qismində iştirak etdiyi zavod, Almaniya, İsveç, İsveçrə, Kanada və
Türkiyə istehsalı olan müasir avadanlıqlarla təchiz olunub, həmçinin
tikinti-quraşdırma işlərinin həyata keçirildiyi Nəm tullantı anbarı, Qoşqarçay
çayından çəkilən texniki su boru xətti və digər köməkçi infrastruktur
obyektləri ümumilikdə 22 ay ərzində tam hazır vəziyyətə gətirilib.
Layihənin icrası zamanı “Maqro Construction” MMC-nin Azərbaycan
Respublikasındakı Filialı tərəfindən yerli və beynəlxalq qanunvericiliyin
tələblərinə uyğun olaraq bütün növ təhlükəsizlik normalarına ciddi riayət
olunub. Layihə üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji
Ekspertiza Agentliyi tərəfindən təsdiq edilmiş Ətraf və Sosial Mühitə Təsirin
Qiymətləndirilməsi sənədinə əsasən, istehsalatın yüksək ekoloji norma və
standartlara uyğunluğu tam təmin edilib. Zavodda işçilərin sağlamlığı və əməyin
təhlükəsizliyi üçün müvafiq idarəetmə sistemi qurulub.
“AzerGold” QSC ilə “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı
Filialının birgə əməkdaşlığı nəticəsində inşası uğurlu şəkildə tamamlanmış yeni
zavodun tam gücü ilə fəaliyyətə başlaması regional sosial-iqtisadi inkişafa
müsbət təsir etməklə yanaşı, qiymətli metalların ixrac potensialının
genişlənməsi ilə ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft-qaz sahəsinin
dayanıqlı inkişafına da öz töhfələrini verəcək. Azərbaycan Respublikasının
iqtisadiyyatının dayanıqlı inkişafının bir parçası olmaq “Maqro Construction”
MMC-nin rəhbərliyi üçün qürur və fərəh mənbəyi olmaqla bərabər, peşəkar şəkildə
həyata keçirilməkdə olan sahibkarlıq fəaliyyəti nəticəsində gələcəkdə daha
böyük uğurlara imza atmağımıza təkan verir.