Ötən gün Daşkəsən rayonunda arvadını qətlə yetirib hadisə yerindən qaçan şəxs intihar edib.
ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, Daşkəsən rayonunun Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qorxmaz Bağırov Gəncə şəhərinin Məhsəti qəsəbəsindəki yaşadığı evdə özünü asaraq intihar edib.
Məlumata görə, Q.Bağırov həmin evi kirayə verib və dünən hüquq-mühafizə orqanları əməkdaşlar tərəfindən evə baxış keçirilsə də, onu orada tapmaq mümkün olmayıb.
Bu gün isə evdə kirayədə yaşayan şəxsin dediyinə görə, o, səhər saatlarında xəstəxanaya gedib, evə geri qayıdan zaman ev sahibinin dam tövləsində özünü asdığını görüb. Kirayənişin bununla bağlı Çanaqçı kəndində yaşayan və bir ay əvvəl boşandığı Q.Bağırovun həyat yoldaşına məlumat verib.
Qeyd edək ki, fevralın 25-də Q.Bağırov vətəndaş nikahında yaşadığı, rayonun Əhmədli kənd sakini, 1975-ci il təvəllüdlü Abbasova Mahizər Məhəmməd qızını qətlə yetirərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılan Q.Bağırov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.