Valideynlər Daşkəsən şəhər 5 saylı körpələr evi – uşaq bağçasında istiliyin
olmamasından şikayətçidir.
Onlar bildiriblər ki, hazırda Daşkəsəndə qar yağır, sözügedən bağçada uşaqlar
soyuqdan əziyyət çəkirlər:
“Daşkəsən rayonu dağlıq və sərt hava şəraiti olan rayondur. Hazırda qar yağır
və havanın temperaturu -5 dərəcədən +3 dərəcəyədək dəyişir. Daşkəsən şəhərində
yerləşən 5 saylı uşaq bağçasında bu gün istilik yoxdur. Körpə fidanlar isə
soyuqdan donurlar. Ya bu bağçanı birdəfəlik bağlayın, biz valideynlər bilək ki,
bağça yoxdur, ya da sizdən artıq dərəcədə xahiş edirəm ki, bir tədbir
görəsiniz”.
Məsələ ilə bağlı Cixisyolu.com-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional
Təhsil İdarəsindən bildirilib ki, bağçanın qazanxana sistemində yaranan
nasazlıq qısa zamanda aradan qaldırılacaq:
“Daşkəsən şəhər 5 saylı körpələr evi – uşaq bağçasının qazanxana sistemində
kiçik nasazlıq yaranması ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə
məlumat daxil olub. Hazırda sözügedən təhsil müəssisəsində təmir işləri həyata
keçirilir. Qısa zamanda nasazlıq aradan qaldırılacaq”.
Aygün Mirakif