Davit Volkov “Sabah”ın Premyer Liqada het-trik edən ilk futbolçusu olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Davit Volkov “Sabah”ın Premyer Liqada het-trik edən ilk futbolçusu olub.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, gürcüstanlı hücumçu XIII
turda “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub etdikləri görüşdə bunu reallaşdırıb.
28 yaşlı forvard özü isə çempionatda ikinci dəfə belə uğura imza atıb. 2021-ci
il noyabrın 6-da “Zirə”nin forması ilə fərqlənən legioner indiki komandası
“Sabah”ın qapısına üç qol vurmuşdu. 3:3 hesabı ilə bitən həmin matçda da
D.Volkov səfərdə het-trik edib.
Bununla da D.Volkov Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner
statuslu futbolçulara çatıb. O, Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş,
Bahodir Nasimov və Reynaldo Silvanın rekordunu təkrarlayıb.
“Turan Tovuz”la qarşılaşmadakı ikinci qol D.Volkovun Premyer Liqada 40-cı dəfə
fərqlənməsi kimi tarixə düşüb. O, Azərbaycan çempionatlarında keçirdiyi 132
oyunda 41 qola sevinib. Forvard “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 14 dəfə
rəqib qapısına yol tapıb.