8310a89c-506e-40e3-b239-abc70bf513fa..jpg

Davos Forumuna hazırlıq: Azərbaycan “Milyarderlər layihəsi”ni zərərsizləşdirə biləcək? – TƏHLİL

Baxış sayı: 891 dəfə baxılıb.

Davos Forumuna hazırlıq: Azərbaycan “Milyarderlər layihəsi”ni zərərsizləşdirə
biləcək? – TƏHLİL

Rusiya-Ukrayna müharibəsinin bir illiyi ərəfəsində dünyadakı iqtisadi tablo
tündləşir və kritik bir dönəmə ayaq basılır. Rəsmi şəkildə dünya üzrə qlobal
böhran elan edilməsə də, böhranın astanasına gətirə biləcək əlamətlər
sezilməkdədir.

Böhranların çoxluğu beynəlxalq sistemi cəsarətli qlobal kollektiv fəaliyyətə
çağırır. Ancaq maraqlardakı fərqlilik və böyüklərin kiçikləri əzmək, nəhəng
resursları qamarlamaq, bəzi kiçiklərdən marionetka kimi istifadə etmək
hobbiləri kollektiv səyləri də yaralayır.

Həmin yaraları “müalicə etmək” istəyi hamının toplaşdığı və sözünü eyni
tribunadan çatdırdığı böyük platformaya ehtiyac yaradır, bu mənada Davos
İqtisadi Forumu “etibarlı təbib” kimi ad çıxarıb.

Yanvarın 16-dan 20-nə qədər Davosda yeni İqtisadi Forum planlaşdırılıb, burada
dövlətlər nəhəng investorların axtarışı üçün görüşlər keçirəcək, rəqibliklə
düşmənçiliyin sərhədləri bir daha müəyyən ediləcək.

Davos İqtisadi Forumu qlobal iqtisadi riskin ölçülərini öz arşını ilə təyin
edə bilsə də, bəşəri böhranın dövlətləri məngənə kimi sıxmasının qarşısını ala
bilmək gücündə deyil. Buna görə də Davos İqtisadi Forumu pozitiv istiqamətdə
əhəmiyyətli dönüş nöqtəsi hesab edilə bilməz. Forum qısamüddətli düzəlişlər
üçün yaxşı platformadır, o da baxır kimin dediyini kim eşidir və ya kim
qulaqardına vurur.

Əlində iqtisadi rıçaqlar və bu alətləri bərkidən hərbi-siyasi, diplomatik gücü
olan ölkələr belə platformadan xeyirli çıxırlar, Azərbaycan da həmin ölkələr
sırasında yer alır. Ona görə ki:

1. Azərbaycan qlobal enerji bazarlarındakı mövqelərini irəliyə apara bilib;

2. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə investisiya mühitini
stimullaşdırır;

3. Azərbaycan ənənəvi enerji mənbələrinə alternativ olan enerji resurslarını
inkişaf etdirməklə bunu beynəlxalq yanacaq tədarükünün tərkib hissəsinə
çevirir. Bu da qlobal təchizatdakı zəncirlərin həlqəsi üçün vacibdir;

4. Xəzər dənizindəki zəngin ehtiyatların, işğaldan azad edilmiş ərazilərdəki
qızıl ehtiyatlarının bolluğu xarici sərmayədarlar üçün cəlbedici görünür;

5. Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhlizin imkanlarını
genişləndirmək gücündədir ki, bu da strateji bir layihə kimi önəm qazanır.

Prezident İlham Əliyevin Davos Forumu öncəsi, yanvarın 10-da yerli televiziya
kanallarına verdiyi müsahibədə Zəngəzur koridoru ilə bağlı səsləndirdiyi
bəyanatlar Azərbaycana qlobal dəstək miqyasının artırılması üçün çağırışlar idi.

Buna görə də Azərbaycanı Davos İqtisadi Forumunda təmsil edəcək nümayəndə
heyəti Zəngəzur dəhlizi üzrə əlavə iqtisadi-siyasi dəstəklər qazanmaqdan ötrü
görüşlər keçirə bilər.

Görüşlər, bağlı qapılar arxasındakı danışıqlar, bu müzakirələrdən sonra
Azərbaycana rəqib olan ölkələrin digərlərinin qulaqlarına nələr pıçıldaması
Bakının sonrakı gedişatları üçün açar olacaq.

Azərbaycan və Türkiyə strateji müttəfiqliyi zərurət yaradır ki, bu iki ölkə
regiondakı potensial şoklara qarşı dayanıqlılığı təmin etsin. Təhlükəsizliyin,
davamlılığın hərtərəfli yenidən qiymətləndirilməsi baxımından Davos Forumu
böyük rola malikdir.

Qlobal və regional oyunçuların Davos Forumundan sonra Cənubi Qafqaz regionunda
Azərbaycanın əldə etdiyi yeni razılıqlara reaksiya olaraq hansı addımlar
atacaqları maraq doğurur.

Çünki Azərbaycanın Davos kulislərindəki müzakirələri və gəlinə biləcək
nəticələr Bakıya rəqib oyunçuların qarışıq prosesləri başlatmaq planını meydana
çıxarmağa bəhanə vermək gücündədir.

Bu arada, Davos Forumu iqtisadi platforma olduğundan, Azərbaycan Rusiya
sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki təbii sərvətlərin
talanması məsələsini də qaldıra bilər.

Buradan yola çıxaraq:

Davos Forumu Rusiyanın Cənubi Qafqazla bağlı “milyarderlər layihəsi”nin
Azərbaycana tətbiq etmək cəhdlərinin qarşısının alınması üçün yaxşı
platformadır.

Təkcə Rusiya deyil, elə Qərbdəki milyarderlərdən də Azərbaycana qarşı
təhdidlər var və Bakı elə fikirlər yürüdə bilər ki, həmin insanların da əl-qolu
bağlansın. Amma çətin məsələdir, çünki dünyanın iqtisadi çarxının fırlanma
trayektoriyasını təyin edən, hətta dövlətlərin siyasətlərinə təsir edəcək
milyarderlərin əli çox uzundur.

Azərbaycan və Türkiyə nəhəng siyasi ambisiyaları olan milyarderləri bu vaxta
qədər necə mat vəziyyətində saxlayıblarsa, bundan sonra da eyni qaydanı davam
etdirə bilərlər, Davos Forumu uzağı bu məsələdə əlavə dəstəkləyici mexanizmlər
verə bilər.

Bu baxımdan Azərbaycanın Davosda həmin dahi maliyyəçilərə alternativ
qüvvələrlə əməkdaşlıq üçün müzakirələrə başlaması ağlabatan görünür.

Aqşin Kərimov

Source link