Daxili işlər orqanlarında xidmət keçmək istəməyən bakalavrlar təhsil
xərclərinin əvəzini ödəyəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xüsusi təyinatlı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş
şəxslərlə daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə bağlanacaq.
Cixisyolu.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında
Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, bu müqavilədə şəxslərin təhsilini başa vurduqdan sonra yeddi il
müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi nəzərdə tutulacaq.
Təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən,
yaxud həmin müddətə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan
şəxslərin Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı təhsil müəssisəsində
onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi
müəyyənləşəcək.
Qeyd olunan müqavilənin forması və çəkilmiş xərclərin hesablanma qaydası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən
müəyyən ediləcək.
Daxili İşlər Nazirliyi xüsusi təyinatlı ali təhsil müəssisəsində bakalavrların
hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmətkeçmə haqqında
müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında
tutulacaq.